Məşhur müğənni edam edildi
Çinli müğənni və aktyor Janq Yiyanq 2022-ci ildə 16 yaşlı bir qız yeniyetməni qətlə yetirdiyi üçün ölüm cəzasına məhkum olunub.
Yenicag.az “Haber Global”a istinadla xəbər verir ki, o, 2024-cü ilin 18 dekabrında güllələnərək edam edilib.
Məhkəmə qərarı və edamın həyata keçirilməsi yalnız bu günlərdə ictimaiyyətə açıqlanıb. Rəsmi məlumatlara görə, Janq 2021-ci ilin sentyabrında qızla münasibətə başlayıb. Lakin qız bu münasibəti bitirmək istədikdə o dəfələrlə intihar edəcəyini bildirərək təhdidlər edib. 2022-ci ilin fevralında o, qızı meşəlik əraziyə apararaq bıçaqla amansızlıqla qətlə yetirib. Tibbi ekspertiza qızın şah damarının, nəfəs və qida borusunun kəsildiyini və hadisə yerində həyatını itirdiyini təsdiqləyib.
Cinayətdən sonra müğənni sübutları gizlətməyə çalışıb və ertəsi gün bir hoteldə intihara cəhd edib. Hotel işçilərinin müdaxiləsi ilə xəstəxanaya yerləşdirilən sənətçi sonradan həbs olunub və “qəsdən adam öldürmə” maddəsi ilə mühakimə edilib. Apelyasiya müraciəti də rədd olunub.
Xatırladaq ki, 1990-cı il təvəllüdlü sənətçi, əsasən, internet seriallarında rol alır, musiqi fəaliyyətləri ilə tanınırdı.