1976-cı ildə Cənubi Koreyada rəsmi olaraq “Rifah evi” kimi təsvir edilən “Brother’s Home” ölkəni “avara” adlanan insanlardan təmizləmək üçün yaradılmışdı. Lakin iddialara görə, buraya aparılan şəxslərin yalnız 10%-i həqiqətən evsiz idi. Bu toplama düşərgəsində isə ümumilikdə 657 nəfərin öldürüldüyü bildirilir.
Yenicag.az məşhur “Squid Game” serialının pərdəarxası məqamlarını oxuculara təqdim edir:
Məlumata görə, “Brother’s Home”, əslində, bir toplama düşərgəsi idi. “Avara” dedikləri şəxslər isə əsasən, küçədə oynayan 8-10 yaşlı uşaqlar idi. Xüsusi mavi geyimli işçilər həmin zamanlarda insanları küçələrdən toplayaraq buraya gətirirdi. Hətta daha çox insanı toplamaq üçün “patrul qrupları” yaradılmışdı. Cənubi Koreya Daxili İşlər Nazirliyi isə bu insanları “sosial nizamı pozanlar” kimi təyin etmişdi.
Qeyd edək ki, düşərgəyə gətirilənlər əvvəlcə çılpaq soyundurulur və saçları qırxılırdı. Sonradan ad və kimliklərini itirərək yalnız nömrələrlə çağırılırdılar. Burada məhkumlar işgəncələrə məruz qalır, qaçmağa çalışan və ya qaydaları pozanlar isə hamının gözü qarşısında cəzalandırılırdı. Sadist rəhbərlər isə bu cəzaları “oyun” adlandırırdı.
Sözügedən “oyunlar” davam edərkən psixoloji təzyiqlər nəticəsində bir çox məhkumun zehni sağlamlığı pozulmuşdu. Bəzilərinin hətta qaçdıqdan sonra travmaları ilə bacara bilməyib intihar etdiyi də səslənən iddialar arasındadır. Sağ qalanlar isə cəmiyyət tərəfindən ömürboyu damğalanmışdılar.
Yeri gəlmişkən, 1990-cı illərin ortalarına qədər isə Cənubi Koreyada bir çox qız uşağı ailələrindən alınaraq yetim kimi xarici ölkələrə satılmış və bu hadisələrin də yekunda “Brother’s Home” ilə bağlılığı aşkarlanmışdı. Məlumat üçün deyək ki, sosial qınağın dəhşətli dərəcədə geniş yayıldığı Cənubi Koreyada bu düşərgənin qurbanları hələ də cəmiyyət tərəfindən təcrid olunmaqdadır.
Tərcümə: Rafi Müslümov
www.yenicag.az