Tədbirdə onun rus dilinə çevrilən «Təsəlli» kitabı da təqdim olunub
Azərbaycan Mətbuat Şurasında həyatdan vaxtsız getmiş jurnalist-publisist, şair-ədəbiyyatşünas Fikrət Mursaqulovun xatirə günü keçirilib. Həmin gün nakam şairin rus dilinə çevrilmiş «Təsəlli» («Uteşeniye») kitabı oxuculara təqdim olunub.
Mərasimi giriş sözü ilə acan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq gözdən əlil olsa da 34 illik ömründə özünü ədəbi-bədii aləmə istedadlı yazar, millətsevər ziyalı kimi tanıtmış Fikrət Mursaqulovun xatirəsini unudulmaz edən dəyərlərdən danışıb.
Dilçi ədəbiyyatşünas İlham Abbasov mərhum dostunun ömür yolu və bənzərsiz yaradıcılığı, təqdim olunan kitab barədə geniş məlumat verib.
Avrasiya Beynəlxalq Mətbuat Fondunun sədri, MŞ sədrinin müavini Umud Rəhimoğlu Fikrətin ədəbi -estetik idealının mükəmməlliyini və milliliyini vurğulamışdır.
Xatirə günündə Fikrət Mursaqulovun tələbə dostları Məzahir Süleymanzadə, Fimar Asimqızı, Aybəniz Məmmədəliyeva, Namiq Əhmədov, Tahir Aydınoğlu, Qardaşxan Əzizxanlı, Həzi Həsənli və başqaları xatirələrini söyləyiblər.
Fikrətin orta təhsil aldığı gözdən əllilər məktəbinin yetirmələri Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, Giya Paçxataşvili, Rasim Məmmədov sənətkarın ömür yolunun onlar üçün həyat sevgisi dolu parlaq örnək olduğunu bildiriblər.
Xatırladaq ki, «Təsəlli» kitabını rus dilinə Fikrət irsinin qoruyucusu şair-tərçüməçi Giya Paçxataşvili çevirib. Nəşrin redaktoru İlham Abbasovdur. Mətbuat Şurasının sədri Əflatun Amaşov kitaba geniş ön söz yazıb.
www.yenicag.az