“Bu gün mətbuatda çalışan redaktorların bir çoxu qəzetlərdə yetişmiş jurnalistlərdən formalaşıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında mətbuatda redaktor çatışmazlığı haqda danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu deyib.
Onun sözlərinə görə, mediada ciddi redaktor çatışmazlığı duyulur.
“Mətbuatda böyük mənada 2 tip redaktor olur. Redaktor-menecer və kontent-redaktor. Menecerlik edən redaktorun əsas funksiyası redaksiyanın fəaliyyətini tənzimləmək, müxbirlərin işinə nəzarət etmək, mövzuları paylaşdırmaq, maliyyə məsələlərini tənzimləməkdir. Yəni redaksiyanın işini idarə edən bir şəxsdir”, – deyə o bildirib.
İ.Rafiqoğlu əlavə edib ki, belə menecerlər kifayət qədərdir, bu işi yerinə yetirmək üçün heç də yaxşı jurnalist olmağa ehtiyac yoxdur, sadəcə, prosesi bilmək kifayət edər.
“Kontent-redaktor birbaşa mətnlə işləyir, söz istehsalı ilə məşğul olur. Yəni kompüterdə əyləşib, sayta yüklənən materialların buraxılışına nəzarət edir. Olduqca ciddi və məsuliyyətli işdir. Redaksiyada peşəkarlıq baxımından vəziyyətin nə yerdə olduğunu o hamıdan yaxşı bilir. Üzdə çox istedadlı görünən, ulduz kimi tanınan bir çox jurnalistin nəyə qadir olduğunu mətn redaktoru hamıdan yaxşı bilir. Yəni öz əməkdaşının əyər-əskiyini məhz o düzəldir”, – deyə o bildirib.
İ.Rafiqoğlu qeyd edib ki, bu gün yaxşı redaktor tapmaq müşkülə çevrilib, gündüz çıraqla axtarsan belə, faktiki olaraq yoxdur:
“Bunun da səbəbi var. İlk növbədə redaktoru yetişdirən məktəb, yəni köhnə qəzet sistemi yoxa çıxıb. Bu gün mətbuatda çalışan redaktorların bir çoxu qəzetlərdə yetişmiş jurnalistlərdən formalaşıb. Qəzetdə çalışan hər əməkdaş yaxşı yazı qabiliyyətinə malik olmalı idi. Eyni səhvi daim təkrarlamaq da olmazdı. Yararsız yazını redaktor geri qaytarırdı. Təkrar-təkrar düzəltmək lazım gəlirdi. Bu gün hamı tələsir. Yazı və xəbəri operativ yerləşirmək gərəkdir deyə jurnalistin hazırladığı materiala əl gəzdirən redaktor onu ildırım sürəti ilə internetə ötürür. Jurnalist heç dönüb öz yazdığını bir daha oxumur da. Keçir növbəti yazıya. Bir sözlə, bu şərait yeni redaktorların formalaşmasına imkan vermir”.
Onun sözlərinə görə, köhnə redaktorlar tədricən azalır, yeniləri isə o qədər bacarıqlı olmurlar:
“Yaxşı redaktor yüksək səviyyəli peşəkardır, onun maaşı da yüksək olmalıdır. 3-4 əməkdaşla çalışan hansısa sayt isə bu ştata ehtiyac duymur. Heç bir məktəb görməyən şəxslər həm müxbir, həm də redaktor kimi sadəcə olaraq internetə zay yazılar yükləyirlər. Vəziyyəti bir qədər xüsusi istedadı, yazı qabiliyyəti olan insanlar xilas edirlər. Onların dili duymaq kimi bir bacarığı olur deyə başqalarının yazılarını redaktə edə bilirlər. Mətbuatın belə redaktorlara ehtiyacı var. Problem onları üzə çıxarıb işə cəlb etməkdən keçir. Belə əməkdaşla qarşılaşan hər bir baş redaktor onu əlindən buraxmaq istəmir, başqalarından artıq məvacib ödəməklə işdə saxlamağa çalışır”.
İsmayıl Bakuvi
www.yenicag.az