Polşa noyabrda Belarusla iki sərhəd-keçid məntəqəsini aça bilər
Polşa Baş naziri Donald Tusk bəyan edib ki, noyabr ayında Varşava Belarusla sərhəddə yerləşən iki sərhəd-keçid məntəqəsini – Bobrovniki və Kuznitseni – açmağa hazır olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Onet” nəşri məlumat yayıb.
Qeyd olunub ki, bu açıqlama Tuskun Belostokda keçirilən Avropa İttifaqının sərhədlərin birləşdirilməsi və inkişafı üzrə Forumunda çıxışı zamanı səslənib.
“Hamımız anlayırıq ki, əgər Bobrovniki və Kuznitsedəki bu iki keçid məntəqəsini açmaq mümkün olsa, bağlanmış sərhəd səbəbindən yaranmış problem böyük ölçüdə həll olunacaq”, – deyə Polşanın Baş naziri bildirib.
“Mən müxtəlif nazirliklərə bu qərarın hazırlanması barədə göstəriş vermişəm ki, bu həftə qəbul edilə bilsin. Amma bizim Litva-Belarus sərhədində problemimiz var. Litvalılar Belarusla olan yeganə sərhəd-keçid məntəqəsini bir neçə on saat əvvəl bağlayıblar. Buna görə də litvalılarla intensiv danışıqlar aparacağımı gözləyirəm ki, onları hazırlıqsız yaxalamayaq”, – o qeyd edib.
“Əgər biz bu keçidləri aça biləcəyimizi deyiriksə, bu o deməkdir ki, sərhəd indi heç vaxt olmadığı qədər təhlükəsizdir”, – deyə Donald Tusk əlavə edib.












