“Metroda nəfəs almaq mümkün deyil” – Sərnişinlərdən ŞİKAYƏT VAR
Bakı Metropolitenində, xüsusilə də yay aylarında vaqonlarda kondisionerlərin zəif işləməsi sərnişinlərin ciddi narazılığına səbəb olub.
Yenicag.az-a daxil olan şikayətdə bildirilir ki, havaların ekstremal dərəcədə isti keçdiyi günlərdə metronun qatarlarında kondisionerlər ya çox zəif işləyir, ya da, ümumiyyətlə, işləmir.
“Stansiyama çatmadan qatardan düşdüm”
“Yay aylarında, xüsusilə də günün ən isti və qızmar saatlarında metro qatarlarında kondisionerlərin işləməməsi dözülməz vəziyyət yaradır. Sərnişinlər üçün bu, çox ciddi narahatlıq doğurur. Hətta özüm gedəcəyim stansiyaya çatmadan qatardan düşdüm. Çox adam deyinirdi, qışqırırdı. Pik saatlarda qatarların içində hava çatışmazlığı və boğanaqlıq dözülməz həddə çatır”, – deyə redaksiyamıza göndərilən şikayətdə bildirilib.
Şikayətdə qeyd olunur ki, sərnişin sıxlığı ilə yanaşı, havalandırma probleminin yaratdığı vəziyyət həm sağlamlıq, həm də təhlükəsizlik baxımından ciddi risklər yaradır.
“Nəfəs ala bilməyən insanlar gördüm”
“Şəxsən şahidi olmuşam ki, belə vəziyyətdə halı pisləşən, nəfəs almaqda çətinlik çəkən insanlar olur. Bu problemə nə vaxtsa ciddi şəkildə reaksiya veriləcəkmi?!”, – deyə şikayətçi vurğulayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Yenicag.az