Metropolitendə problem yaşanıb
Bu gün Bakı Metropolitenində yenidən problem yaşanıb. Metronun “Koroğlu” stansiyasında “İçərişəhər” stansiyasına doğru hərəkət edən qatar 20 dəqiqəyə yaxın yerindən tərpənməyib. Buna səbəb isə vaqonların qapılarının bağlanmaması olub. Vaqonların qapılarını bağlamaq üçün metro əməkdaşlarının səyi də boşa çıxıb. Bundan sonra isə bütün sərnişinləri qatardan çıxarmaqdan başqa çarə qalmayıb. Məsələyə aydınlıq gətirmək üçün metropolitenlə əlaqə saxladıq. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, saat 09:12-də “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən 5 saylı qatarın sonuncu vaqonunun qapılarında nasazlıq baş verib.”Hadisə “Koroğlu” stansiyasında baş verib. Vaqonun qapıları bağlanmayıb. Bu səbəbdən sərnişinlər vaqonlardan evakuasiya olunub. Qatar depoya göndərilib. Yerinə əlavə qatar gətirilib. Hadisə nəticəsində 5 dəqiqə ləngimə olub. Lakin qatarların ümumi qrafikində heş bir gecikmə olmayıb”, – deyə Nəsimi paşayev bildirib. (anspress.com)