Meydan Hərəkatının 30 illiyi: “Mitinq niyyətindən daşındım” – Sabir Rüstəmxanlı

“Milli-azadlıq hərəkatının əsas iştirakçılarını o tədbirdə bir araya gətirə biləcəyik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında tarixə Meydan Hərəkatı kimi düşən 1988-ci il 17 noyabr – 5 dekabr mitinqlərinin 30-cu ildönümünün qeyd olunmasına yönəlik hazırlıqlardan danışan Meydanın əsas liderlərindən biri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlının sözlərinə görə, Meydan Hərəkatının 30 illiyində milli-azadlıq hərəkatının aparıcı simalarını bir araya gətirmək mümkün olacaq:
“Hər halda, bu əlamətdar tarixin 30-cu ildönümünü qeyd edəcəyik. Mən Meydan Hərəkatının 30 illiyinə həsr olunmuş Dəyirmi Masa və ya başqa bir tədbirin hazırlanması üçün İctimai Televiziyaya da müraciət etmişəm.

Ancaq bütün hallarda başqa yerdə də bununla əlaqədar bir tədbir keçirilməsini nəzərdə tuturuq. Hesab etmirəm ki, bu işlərin hazırlığına gec başlamışıq.

Çünki bizim hansısa meydanda böyük mitinq keçirmək niyyətimiz yoxdur. Ancaq mitinq təşkil etməyimiz də mümkün idi, belə bir niyyətimiz olub.

Meydan mitinqlərini 17 gün birlikdə apardığımız Nemət Pənahlı hazırda bir ay müddətinə həbs olunduğu üçün mitinq niyyətindən daşındım. Lakin dediyim kimi, Dəyirmi Masa keçirəcəyik.

Fikrimcə, milli-azadlıq hərəkatının əsas iştirakçılarını o tədbirdə bir araya gətirə biləcəyik”.

A.Zeynalov

COP29