Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsi prosesinə başlanılıb.
İdarədən Yenicag.az-a verilən məlumata görə, XI sinfi xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli (qızıl və gümüş medallar), əlaçılara fərqlənmə, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.Ötən ildən etibarən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur.
Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medala layiq görülən məzunların xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.
www.yenicag.az