“Microsoft” yenidən Azərbaycanda OFİS AÇACAQ? – Ekspert AÇIQLADI
“Bu cür yüksək səviyyəli təmasların “Microsoft”un gələcəkdə yenidən Azərbaycanda ofis açması məsələsində müsbət rol oynayacağı istisna deyil”.
Bunu Yenicag.az-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev deyib.
O, Dubaydakı “Microsoft” İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti ilə “Microsoft”un regional komandası arasında süni intellekt və təhsil sahəsində əməkdaşlıq imkanlarına dair görüşlərin perspektivini təhlil edib.
Mütəxəssis bildirib ki, son illərdə texnoloji nəhəng şirkətlərdən birinin – “Microsoft”un Azərbaycandakı regional ofisini bağlaması və fəaliyyətini Gürcüstan üzərindən davam etdirməsi xoş xəbər deyildi:
“Bu qərar bir neçə il əvvəl verilsə də, şirkət ümumilikdə Azərbaycandan tam şəkildə çıxmamış, sadəcə nümayəndəliyinin yerini dəyişmişdi. Bununla belə “Microsoft”un Azərbaycandakı müxtəlif layihələri, xüsusilə təhsil sahəsində əməkdaşlıqları davam etməkdədir. Məsələn, Təhsil Nazirliyi rəsmi şəkildə “Microsoft” məhsullarından istifadə edir. Pandemiya dövründə məktəblərdə dərslər “Microsoft Teams” platforması üzərindən təşkil olunurdu. Hazırda da məktəblər, universitetlər və kolleclər üçün Microsoft tərəfindən təhsil lisenziyası əsasında müxtəlif ödənişsiz imkanlar təqdim olunur”.
Onun fikrincə, “Microsoft”un yenidən Azərbaycanda lokal ofis açması, təbii ki, çox müsbət addım olardı:
“Lokal nümayəndəlik həm texniki dəstək, həm müqavilələrin icrası, həm də proqram təminatına dair yenilənmə və operativ qərarların qəbulu baxımından daha çevik və effektiv olar. Bəzi hallarda regional nümayəndəliyin başqa ölkədə yerləşməsi operativlik baxımından çətinlik yarada bilər.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Microsoft rəhbərliyi ilə bir neçə dəfə görüşlər keçirib. Bu cür yüksək səviyyəli təmasların da Microsoft-un gələcəkdə yenidən Azərbaycanda ofis açması məsələsində müsbət rol oynayacağı istisna deyil”.
Nəsimi Ələsgərli