Millət vəkilləri velosipeddən istifadə edərlər? – Sorğu
Fərəc Quliyev: “Velosiped sürməyi isə bacarmıram”
Aqil Abbas: “Avtobus və metrodan istifadə edərəm, amma…”
Elman Məmmədov: “Yəqin ki, gələcəkdə…”
Sivil Qərb ölkələrində nazir və deputatlar bir çox hallarda işə gedərkən ictimai nəqliyyatdan istifadə edirlər. Onlardan bəziləri isə işə hətta velosipedlə gedib-gəlir. Məsələn, London şəhərinin meri məhz belə edir. Azərbaycanda isə bu tendensiya nədənsə yayılmayıb. Ölkəmizdə nazirin, millət vəkilinin ictimai nəqliyyat və velosipeddən istifadfə etmələrinə nədənsə pis baxırlar.
Görəsən, millət vəkilləri iş və ev arasındakı məsafəni qət edərkən, ictimai nəqliyyatdan və velosipeddən istifadə edirlərmi? Ümumiyyətlə, buna necə baxırlar?
Yenicag.az-a açıqlamasında millət vəkili Fərəc Quliyev ictimai nəqliyyatdan yararlandığını dedi, amma velosiped sürə bilmir: “Normal haldır. Hesab edirəm ki, Azərbaycanda kifayət qədər deputat və başqa məmurlar var ki, sadə yaşam tərzinə üstünlük verir. Onların bir çoxları, o cümlədən də özüm avtomobili şəxsən idarə edirəm. Mühafizəçilərdən şəxsən imtina etmişəm. Mütamadi olaraq əhali ilə də əlaqələrimiz olur, çayxanalarda və başqa yerlərdə görüşürük. Belə hərəkət edən məmur və deputatlar kifayət qədərdir. Amma bunun dəb halında olması və kampaniya xarakter daşımasını istəmirəm. Nə də cəmiyyətdən ayrılaraq, bu kimi vasitələrdən imtina edilməsinin tərəfdarı deyiləm. Velosiped sürməyi isə bacarmıram. Amma hər halda o daha çox səmərəli nəqliyyat vasitəsidir”.
Millət vəkili Aqil Abbas avtobus və metrodan tez-tez istifadə edir. Amma veposipeddən yox: “Ölkəmizdə velosiped yolları yoxdur. İkincisi, istərdim nəqliyyat elə işləsin ki, biz də ondan istifadə edək. Bəzən xidməti maşınımla gəlib metronun “İşərişəhər” stansiyası yaxınlığında düşüb, orada metro ilə gedirəm. Çünki, metro bu halda məni görüş yerinə daha tez çatdıracaq. Oradan qayıdanda da mertodan istifadə edirəm, yaşadığım Patamdart qəsəbisinə buradan da taksi ilə gedirəm. Bəzən avtobusa da minirəm. Bir dəfə avtobusla evə gəlirdim. Evə düşəndə xanım dedi ki, institutda olan dostları Aqil Abbası avtobusda gördüklərini yazıblar. Dəhşət odur ki, burada millətin qəbul etmədiyi hallar var. Əslində avtobusdan istifadə millət vəkilləri üçün pulsuzdur. Amma pulumu verirəm. Lakin adamlar bəzən bunu qəbul edə bilmir. İnsanlar bunu qəbul etsələr, elə deputatlar da çox hallarda ictimai nəqliyyatdan yararlana bilərlər. Millətimiz bəzən məşhur adamları metroda göründə elə bilir ki, onlar bu nəqliyyat növündən istifadə etməməlidirlər. Azərbaycanda buna pis baxırlar, amma Avropada pis baxmırlar. Belçikanın daxili və xarici işlər naziri velosipeddən istifadə etməklə işə gələ bilər. Buna hamı normal baxır. İndi baxın, Aqil Abbas velosipedlə Milli Məclisə gedir. Haqqımda qəzetlər şou yazacaq. Ona görə də işə gedərkən velosipeddən istifadə etmirik”.
Millət vəkili Elman Məmmədov da velosipedlə işə gəlib-getməyin hələlik Azərbaycan cəmiyyətində tanınmışlara mümkün olmadığını dedi: “Millət vəkili və məmurların ictimai nəqliyyatdan istifadə etməsi kimi məsələyə pis baxmıram. Amma Avropa cəmiyyəti və mentaliteti ilə Azərbaycanda bu məsələyə baxışda fərqlər var. Hər millətin özünə məxsus mentaliteti, ata-babadab gəlmə qayda-qanunları var. Yəqin ki, buna da vərdiş etmək olar. İctimai nəqliyyatdan istifadə etmək, təbiidir. Yeri düşəndə metro və avtobusdan yararlanıram. Ancaq velosiped məsələsi Azərbaycan cəmiyyətinə uyğun məsələ deyil. Amma ondan da istifadə etmək gərəkdir. Sağlamlıq, gəzinti məqsədilə və istirahət vaxtlarında istifadə etmək olar. Ancaq velosipedlə işə gedib-gəlmək Azərbaycanda vəzifəlilər arasında hələ ki, tətbiq olunmayıb. Yəqin ki, gələcəkdə bu da olacaq. Müəyyən inkişaf, dünyagörüşü, şüurda olan dəyişikliklərlə bağlı, eyni zamanda qənaət, tıxacların azalması məqsədilə yəqin bu da tətbiq olunar”.
Rüfət