Reklam: High Technic
hightechnic

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə illik hesabatı qəbul etdi - YENİLƏNİB

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov 2017-ci il üzrə illik məlumatı açıqlayıb.

Yenicag.az xəbər verir ki, V.Eyvazov hesabat verdikdən sonra deputatlar sənədi müzakirə ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

***

Yenicag.az-ın xəbərinə görə, V.Eyvazov deyib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci ildə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər ilə əlaqədar 26 fakt aşkarlanıb, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.

O bildirib ki, qurbanların 68-i Azərbaycan Respublikası, 2-si Rusiya Federasiyası, 1-i Ukrayna vətəndaşı olub: “Onlardan 43-u istismar məqsədi ilə Türkiyə Respublikasına, 9-u Birləşmiş Ərəb Əmirliklərinə, 8-i Rusiya Federasiyasına, 5-i Malayziya, 4-ü Pakistan İslam Respublikasına aparılıb, 2 əcnəbi Azərbaycanda istismara məruz qalıb. İnsan Alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işlərində 28-nin istintaqı tamamlanaraq 33 şəxs (25-i qadın, 8-i kişi) məhkəmə məsuliyyətinə verilib. Onlardan 29-u barəsində ittiham hökmləri çıxarılaraq 23 nəfəri şərti məhkum olunub, 5 nəfər azadlıqdan məhrum edilmiş, 1 nəfər barədə hökmün icrası təxirə salınıb. İnsan alveri cinayətləri törətdiklərinə görə axtarışa elan olunmuş 55 təqsirləndirilən şəxsdən 32-i və ya 58%-i tutulub, o cümlədən İNTERPOL-a üzv ölkələrin ərazisində 2 nəfərin yeri müəyyən edilib”.

Milli koordinator qeyd edib ki, insan alveri qurbanlarının 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji, hüquqi yardımlarla əhatə olunub, hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib: “Bütövlükdə, 68 qurban sosial xidmətlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə qeyri-hökumət təşkilatlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib, 21-i işlə təmin olunub, 6-sı peşə kursuna göndərilib, 55-i ailələrinə qaytarılıb. Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 15 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 11-nin atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 9-na doğum haqqında şəhadətnamənin alınmasında köməklik göstərilib. Qeyd edilən məqsədlərin həyata keçirilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən bütövlükdə 107 min manat vəsait xərclənib. Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı “Qaynar xətt” telefon xidmətinə daxil olan 9 minə yaxın müraciət araşdırılaraq hər biri üzrə qanunauyğun ölçülər götürülüb, təşəbbüskarlara zəruri izahlar verilib”.

O bildirib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən məcburi əmək faktlarının proflaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yanaşma qaydalarını pozan 20 min 285 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 6 min 330 nəfərin ölkə hüdudlarından kənara çıxarılması olub: “Uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 570 uşaq müəyyən olunub. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənib. Lakin həmin uşaqlara müvafiq qayğı və yardımın göstərilməsi, onların sosial problemlərinin həlli ilə əlaqədar icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq qurumlarına baxılması üçün 450 material göndərilib. Eyni zamanda, onların təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 220 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb. Həmçinin geçə həyatına məruz qalan 150 yetkinlik yaşına çatmayan şəxsə və onların valideynlərinə Bakı, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən “Baxımsız, kimsəsiz uşaqlar üçün Sığınacaq və Reablitasiya müəssisəsi”, “Uşaq hüquqları klinikası” və “Uşaq və gənclərin sosial realblitasiyası mərkəzi”ndə hüquq və psixoloji yardımlar göstərilib. Ötən il övladlığa götürülən, qəyyumluğa və himayəyə verilən 124 uşağın yaşayış şəraiti də nəzarətdə saxlanılıb, Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən onların yaşadıqları ünvanlarda monitorinqlər keçirilərək zəruri sosial və tibbi yardımla əhatə olunmaları təmin edilib”

V.Eyvazov məlumatı təqdim etdikdən sonra deputatlar müzakirəyə başlayacaqlar.

Araz Zeynalov

 

www.yenicag.az

2057