Mayın 7-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Yenicag.az xəbər verir ki, Milli Məclisin sədri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaratdığını, bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxladığını və davamlı inkişaf yoluna çıxardığını qeyd edib. Bildirib ki, Ümummilli Liderin başladığı möhtəşəm işlər Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Bu il mayın 10-da Ulu Öndərin adı ilə bağlı olan Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ilinin tamam olduğunu vurğulayan parlamentin sədri Fondun həyata keçirdiyi işlərdən, əldə etdiyi nailiyyətlərdən danışıb. Diqqətə çatdırılıb ki, Heydər Əliyev həyatının mənasını xalqa xidmət etməkdə, xalq yolunda hər bir çətinliyə hazır olmaqda görürdü. Onun adını daşıyan Fond da fəaliyyətində bu ali idealları rəhbər tutur.
Bu gün milyonların sevgisini qazanmış Heydər Əliyev Fondunun nailiyyətlərinin təməlində Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın müstəsna təşkilatçılıq qabiliyyəti və rəhbərlik məharəti, yüksək səriştəsi və peşəkarlığı, böyük zəhməti və fədakarlığı dayanır. Onun hər bir məsələyə yaradıcı münasibəti, insanları vahid məqsəd naminə səfərbər etmək bacarığı, humanizmi və səmimiyyəti Fondun hamıya yaxşı tanış olan simasını müəyyənləşdirir.
Fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev Fondu həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda sosial rifahın, mədəni inkişafın dəstəklənməsinə, humanizm, mərhəmət və birlik ideallarının reallaşmasına yönələn çoxsaylı təşəbbüslərin ön sırasında olub. Fondun fəaliyyətinin ən mühüm istiqamətləri elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, idmanın inkişafına, sosial müdafiənin gücləndirilməsinə, ekoloji mühitin yaxşılaşdırılmasına, informasiya-kommunikasiya texnologiyalarının inkişafına dair proqramların və layihələrin gerçəkləşdirilməsi ilə bağlıdır.
Milli-mənəvi dəyərlərə, humanizm prinsiplərinə sadiq olan gənc nəslin formalaşdırılması, gender bərabərliyinin təmin edilməsi, sivilizasiyalararası dialoqa rəvac verilməsi, Qarabağda işğal dövründə talan edilmiş abidələrimizin bərpası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması da Fondun fəaliyyətində önəmli yer tutur.
S.Qafarova qeyd edib ki, Azərbaycan barəsində doğru-düzgün məlumatların yayılması və dövlətimizin milli maraqlarının qorunması istiqamətində ən uğurlu layihələrdən biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasıdır. Dünyanın bir çox ölkələrini əhatə edən bu kampaniya Xocalı həqiqətlərinin daha geniş aləmdə yayılmasına, cinayətkarların ifşasına yönələn tədbirlərin vahid konsepsiyası əsasında sistemli şəkildə həyata keçirilib.
Sonra iclasda deputat Soltan Məmmədov Heydər Əliyev Fondunun 20 illik fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış edib. Onun çıxışı zamanı Fondun gördüyü işlərdən bəhs olunan fotogörüntülər nümayiş etdirilib.
S.Məmmədov diqqətə çatdırıb ki, Fondun çoxşaxəli fəaliyyətini ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə dərin ehtiramın ifadəsi kimi bir neçə mühüm aspektdən qiymətləndirmək mümkündür.
Bildirilib ki, sosial-humanitar sahədə Fondun gördüyü işlər təhsil, səhiyyə, ekologiya, idman və ehtiyacı olan insanlara qayğı kimi istiqamətləri əhatə edir. Pandemiya dövründə Fondun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, müxtəlif ölkələrdən gətirilən tibbi ləvazimatlar müvafiq tibb müəssisələrinə təqdim olunub. Fond təhsildə fərqlənən, valideyn himayəsindən məhrum uşaqları, şəhid ailələrini, müharibə veteranlarını və müharibə əlillərini hər zaman diqqət mərkəzində saxlayır. Həmçinin ekoloji tarazlığın qorunması, nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin mühafizəsi, əhali arasında ekoloji təbliğatın gücləndirilməsinə də xüsusi diqqət yetirir.
Təqdimatda Heydər Əliyev Fondunun mədəni irsimizin qorunması, tanıdılması və multikultural dəyərlərin təbliği istiqamətində təqdirəlayiq fəaliyyət göstərdiyi vurğulanıb. Bildirilib ki, Fond Almaniyada, Bolqarıstanda, Vatikanda, Romada bir çox muzey və digər tarixi abidələrin bərpasına və təmirinə də öz töhfəsini verib. Eyni zamanda, Bakıda və regionlarda yerləşən bir sıra məscidlərdə əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Soltan Məmmədov Heydər Əliyev Fondunun fəaliyyətinin digər bir mühüm aspektinin həyata keçirilən layihələrin tarixi-ideoloji və siyasi məzmunu ilə bağlı olduğunu vurğulayıb. Vurğulanıb ki, Fond işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də fəal iştirak edir. Bununla yanaşı, Heydər Əliyev Fondu ICESCO, UNESCO, BMT-nin İnkişaf Proqramı, ÜST, UNICEF və digər beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində mədəniyyət, səhiyyə, uşaqların müdafiəsi ilə bağlı layihələr reallaşdırıb.
Sonra iclasın gündəliyi qəbul olunub və cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Müzakirələrdə çıxış edənlər Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin doğum günü, Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin 20-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb, Ulu Öndərin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərini vurğulayıblar.
Daha sonra gündəliyə daxil edilən 18 məsələnin müzakirəsi başlayıb. Üçüncü oxunuşda olan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə, “Təhsil haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda, həmçinin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunaraq qəbul edilib.
İclasda, həmçinin “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, eyni zamanda, ikinci oxunuşda olan “Tütün və tütün məmulatı haqqında”, “Qida təhlükəsizliyi haqqında” qanunlarda, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, “Dövlət qulluğu haqqında” Qanunda, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda, Əmək Məcəlləsində, Mülki Məcəllədə və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri təqdim olunub. Aparılan müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.
Gündəliyin sonuncu – 18-ci məsələsi isə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanunun layihəsi olub. Layihədə bildirilir ki, “Tütün və tütün məmulatı haqqında” Qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
Sənədlər bağlı fikirlər dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
www.yenicag.az