“Davos qlobal siyasətin qeyri-rəsmi paytaxtına çevrilib” – Adəm İsmayıl Bakuvi bu forumda üçlü zirvəni istisna etmir

media-hightechnic-468x90

 

Yanvarın 19–23-də dünyanın siyasi və iqtisadi elitası, maliyyə və texnologiya sahəsinin nəhəngləri Davosa toplaşacaq. Davos Dünya İqtisadi Forumunun (World Economic Forum) dialoq mədəniyyətinə həsr edilmiş builki toplantısında dünyanın 130-dan çox ölkəsindən 3 000-ə qədər iştirakçı olacaq. Təxminən 400 yüksək səviyyəli siyasi lider arasında 65 dövlət və hökumət başçısı prezidentlər və baş nazirlər yer alacaq.

Dünya liderləri niyə bu toplantıda iştirak etməyə bu qədər maraqlıdırlar?

Yenicag.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi Davosda gözlənilən prosesləri şərh edərkən bildirib ki, dünya liderlərini Davosa toplayan əsas səbəb bu forumun artıq yalnız iqtisadi müzakirə platforması olmamasıdır. O, Davos Dünya İqtisadi Forumunun illik toplantılar vasitəsilə dünya düzəninə real təsir göstərən mühüm qərar mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Adəm İsmayıl Bakuvi açıq şəkildə vurğulayıb ki, bir sıra beynəlxalq institutların, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının qərar qəbuletmə mexanizmlərində yaranan ləngimələr və institusional çatışmazlıqlar Davosun rolunu daha da gücləndirib. Onun sözlərinə görə, son illərə qədər dünyanın ən böyük siyasi təşkilatı sayılan BMT-nin bir çox qlobal məsələlərdə təsir gücünü qismən itirməsi bu prosesi sürətləndirib və alternativ, daha çevik dialoq platformalarına ehtiyacı artırıb.

Partiya sədri əlavə edib ki, Davos Forumunun əsas üstünlüyü çevik, bürokratiyadan uzaq və çoxtərəfli dialoq imkanları yaratmasıdır; burada dövlət başçıları, transmilli şirkətlərin rəhbərləri, maliyyə mərkəzləri, texnologiya nəhəngləri və qlobal fikir liderləri eyni masa arxasında bir araya gələrək bəzən rəsmi beynəlxalq təşkilatların illərlə müzakirə etdiyi məsələləri qısa müddətdə irəli aparırlar. O, Davosda səslənən ideyaların sonradan beynəlxalq siyasətin və iqtisadi qərarların əsas xəttini müəyyən etdiyini, bu təsirin isə yalnız siyasət və iqtisadiyyatla məhdudlaşmayıb elm, texnologiya və mədəniyyət sahələrini də əhatə etdiyini deyib.

Adəm İsmayıl Bakuvi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Davos Forumunun daimi iştirakçılarındandır və dövlət başçısı hər il geniş tərkibli nümayəndə heyəti ilə forumun işində fəal iştirak edib, tədbir çərçivəsində dünya liderləri və iri şirkətlərin rəhbərləri ilə səmərəli görüşlər keçirib. O, qarşıdakı Davos Forumunda da Prezident İlham Əliyevin iştirakının təsdiqləndiyini diqqətə çatdırıb və dövlət başçısının “Avrasiyanın iqtisadi kimliyinin müəyyənləşdirilməsi” sessiyasında çıxış edəcəyinin gözlənildiyini qeyd edib. Partiya sədri vurğulayıb ki, həmin sessiyada Qafqaz regionunda yeni yaranan ticarət dəhlizləri, infrastruktur layihələrindən faydalanma imkanları, resurslar uğrunda rəqabət və digər mühüm geoiqtisadi mövzular müzakirə olunacaq. O, eyni zamanda forumda dünya liderlərinin geniş iştirakı nəzərə alınaraq müxtəlif formatlarda, o cümlədən D-8 çərçivəsində görüşlərin keçirilməsinin də istisna edilmədiyini bildirib və bu cür təmasların qeyri-rəsmi, lakin effektiv diplomatik imkanlar yaratdığını deyib.

Partiya sədri diqqətə çatdırıb ki, builki Davos toplantısı zamanı ABŞ ilk dəfə forumda ən geniş nümayəndə heyəti ilə təmsil olunacaq və bu fakt Prezident Donald Trumpın və onun administrasiyasının Davos platformasına verdiyi əhəmiyyəti açıq şəkildə göstərir. Məhz bu kontekstdə Adəm İsmayıl Bakuvi hesab edib ki, dövlət başçıları nın iş qrafiki imkan verərsə, Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ lideri Donald Tramp arasında birbaşa təmasların baş tutması real görünür və bu, son illər strateji tərəfdaşlıq xəttində inkişaf edən Azərbaycan–ABŞ münasibətləri üçün mühüm impuls ola bilər. O, Davos 2026 Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakını nəzərə alaraq, üçtərəfli formatda qeyri-rəsmi müzakirələrin təşkili ehtimalını da istisna etməyib, forumun dialoq mədəniyyətinə həsr olunmasının Zəngəzur dəhlizi, regional kommunikasiyaların açılması və Cənubi Qafqazda dayanıqlı sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirəsinə imkan yaratdığını deyib.

Adəm İsmayıl Bakuvi əminliyini ifadə edərək bildirib ki, Davos Dünya İqtisadi Forumu sürətlə dəyişən beynəlxalq münasibətlər fonunda dövlətlərarası dialoqun, qeyri-rəsmi diplomatiyanın və strateji razılaşmaların formalaşdığı əsas qlobal məkanlardan birinə çevrilib və Prezident İlham Əliyev bu dəfə də İsveçrədən Azərbaycan üçün mühüm siyasi və iqtisadi nəticələrlə qayıdacaq.

Amir Aqiloğlu

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa