Bu gün fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri əsasında formalaşan VI çağırış Milli Məclisin ilk iclası keçirilib. Parlamentin yeni tərkibdə ilk iclasında iştirak edən prezident İlham Əliyev geniş nitq söyləyib.
Yeni seçilmiş deputatlara fəaliyyətlərində uğurlar arzulayan dövlət başçısı 9 fevral seçkilərinin tam demokratik şəraitdə keçirildiyini, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini mütləq şəkildə əks etdirdiyini diqqətə çatdırıb.
Prezident qeyd edib ki, 9 fevral seçkilərində Azərbaycanın bütün siyasi qüvvələrinin iştirak etdiyini vurğulayaraq, Milli Məclisin çoxpartiyalı parlament kimi formalaşdığını bildirib.
Bu məqamı önə çəkən prezident İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçkilərdəki qələbəsini nəzərə çatdırmaqla yanaşı, ölkədəki siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün parlamentdəki bütün partiyaların nümayəndələrinin Milli Məclisin və parlament komitələrinin rəhbərliyində təmsil olunmasının vacibliyini qeyd edib.
Prezidentin çıxışında yer alan əsas məqamlar sırasında onun deputatların gələcək fəaliyyətlərinə dair tövsiyələri də mühüm yer tutur. Dövlət başçısı deputatları qanunların qəbulu zamanı iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti kimi mühüm məsələləri nəzərə almağa, beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini fəal surətdə təbliğ etməyə, seçicilərlə daim təmasda olmağa, onların problemləri ilə maraqlanmağa çağırıb.
Milli Məclisin ilk iclasında parlament rəhbərliyinin və komitə rəhbərlərinin seçkisi zamanı deputatların prezidentin tövsiyələrini tam ciddiyyəti ilə nəzərə aldıqları və onların yeni çağırışlara uyğun qərarlar qəbul etmək imkanında olduqları təsdiqləndi.
Konkret desək, irəli sürülən təkliflər əsasında Milli Məclisin ötən çağırışdan sonra seçilmiş rəhbərliyi tamamilə yeniləndi. Nəticədə YAP-ın irəli sürdüyü namizəd Sahibə Qafarova Milli Məclisin sədri, Əli Hüseynli sədrin 1-ci müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) deputat Fəzail İbrahimli və bitərəf deputat Adil Əliyev sədrin müavinləri postuna seçildilər.
Eyni zamanda, parlamentin komitələrinin sədri və müavinləri vəzifəsinə də Milli Məclisdə yer qazanmış çox sayda partiyaların təmsilçilərindən, o cümlədən bitərəflərdən ibarət xeyli yeni simalar gətirildi. Bu addım əlbəttə ki, Azərbaycan parlamentarizmi tarixində yeni səhifə olmaqla bərabər, həm də siyasi münasibətlərin müsbət məcrada inkişafını sürətləndirən amil kimi, mühüm əhəmiyyət daşıyır.
Milli Məclisdə bu gün qəbul edilmiş qərarlar belə deməyə əsas verir ki, parlamentin əvvəlki tərkibinin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi zamanında qəbul edilən və özünü doğruldan addım olub. Ona görə də, yeni seçilmiş deputatların onlara göstərilmiş etimadı tamamilə doğruldacaqlarına, Milli Məclisin yenilənmiş tərkibinin ölkədə uğurla aparılan genişmiqyaslı islahatlara lazımi dəstək verəcəklərinə inam böyükdür.
Prezident İlham Əliyevin Milli Məclisin bugünkü iclasındakı çıxışında xüsusi toxunduğu bir məsələni bir daha xatırlatmağı lazım bilirik. Dövlət başçısı 9 fevral seçkilərinin nəticələrini ölkədəki siyasi sistemin möhkəmləndirilməsi və siyasi münasibətlərin sağlam zəmində inkişafı baxımından çox müsbət qiymətləndirdi.
Seçkilərdən həmən sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədəki siyasi partiyaların, o cümlədən, müxalifət partiyalarının rəhbərləri ilə keçirdiyi görüşlər Azərbaycan hakimiyyətinin siyasi dialoqa və münasibətlərin normallaşmasına verdiyi önəmin göstəricisi hesab olunur. Milli Məclisin yeni tərkibinin həm də bu prosesin uğurla davam etdirilməsinə dəstək verəcəyini söyləyə bilərik.
“Yeni Çağ” Analitik Qrupu