Milli Olimpiya Komitəsi Olimpiyadada mübarizəni dayandıran yığma komandamızın üzvünə növbəti mərhələdə uğurlar arzulayıb.
Yenicag.az xəbər verir ki, olimpiya oyunlarında çıxış edən üzgüçümüz Ramil Vəlizadə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində öz çıxışını bitirib. Qrupda 2-ci olan R. Vəlizadənin ümumi nəticəsi mərhələ adlamaq üçün kifayət etməyib. Belə ki, 28 üzgücü arasında 25-ci olan Vəlizadə yarışda iştirakını yekunlaşdırıb.
Milli Olimiya Komitəsi isə deyəsən, idmançımızın yarışları dayandırmasından xəbərsiz olub. Belə ki, yarışda iştirakını yekunlaşdıran Ramil Vəlizadəyə uğurlar arzulayıb. Maraqlıdır ki, təsnifat mərhələsini adlaya bilməyən idmançıya növbəti mərhələdə necə uğurlar arzulamaq olar?
“Ramil 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib. Üzgüçümüz 1-ci qrupda dörd iştirakçı arasında ikinci olub. Ramil məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib. Uğurlar arzulayırıq!- deyə Komitənin sosial şəbəkə hesabında paylaşılıb.
Görünür, Milli Olimpiya Komitəsində üzgüçülük anlayışı olan şəxs olmadığı üçün yekun nəticənin qrup nəticələrinə görə deyil, ümumi nəticəyə görə hesablandığından xəbərsizdirlər.
İsmayıl Bakuvi
www.yenicag.az