Milli yenə də UDUZDU: “AFFA-ya rəhbərlik edənlər “istedadlı alverçilər”dir”
Dünən keçirilən yoldaşlıq oyununda Azərbaycan milli komandası Macarıstan yığmasına 2:1 hesabı ilə məğlub olub. Bu nəticə ilə milli komandanın qələbəsiz oyunlar seriyası bir ili keçir. Fernando Santosun baş məşqçiliyi altında millimiz son 10 oyun 8 məğlubiyyət və 2 bərabərliklə meydandan ayrılıb.
Mövzu ilə bağlı fikirlərini Yenicag.az-la bölüşən tanınmış idman jurnalisti Natiq Muxtarlı Azərbaycan futbolunun cari durumunu yalnız idmançılarla məhdudlaşdırmağın doğru olmadığını bildirib:
“Azərbaycan yığması dünyanın ən zəiflərindəndir. Milli komandanın Macarıstan kimi ortabab Avropa yığmasına qarşı 2:1 hesabı ilə məğlub olması bəzilərini məyus etsə də, əslində bu, mövcud futbol reallığımızın tam əksidir. Burada emosiyaya ehtiyac yoxdur , sadəcə faktlara baxmaq kifayətdir”.
N. Muxtarlı oyunçu səviyyəsi məsələsinə toxunaraq qeyd edib:
“Azərbaycan yığması ona görə zəifdir ki, futbolçularımız zəifdir. Bizim yetişdirdiyimiz futbolçuların səviyyəsi Avropa səviyyəsindən qat-qat aşağıdır. “Qarabağ”ın Avropadakı uğurlarına aludə olub yığmadan nəticə gözləmək sadəlövhlükdür. “Qarabağ”ın heyətindən əcnəbi futbolçuları çıxardın, avrokuboklarda yerlilərlə bir mərhələ də adlaya bilməz bu komanda. Ona görə də Azərbaycan ictimaiyyəti utopik baxışlarından əl çəkməlidir, bu yığma heç vaxt nəticə verməyəcək. Nəinki bu yığma, 10 il sonrakı yığma da nəticə verməyəcək”.
“Bu nöqtədə özümə daha fundamental sual verirəm: bu gün zəifik, bəs gələcək necə olacaq? Təəssüf ki, cavab yenə də pessimistdir. Çünki aşağı yaş qruplarından – U-15, U-17 komandalarından başlayan hazırlıq prosesləri də qənaətbəxş deyil. Bu komandalar ardıcıl olaraq beynəlxalq oyunlarda ağır məğlubiyyətlərlə üzləşir. Belə bir şəraitdə 10 il sonra formalaşacaq milli komandanın indidən güclü olacağını düşünmək əsassızdır. Çünki Azərbaycanda futbolçu yetişdirilmir”, – deyə o, əlavə edib.
Jurnalistin fikrincə əsas problemlərdən biri də futbolun idarəçiliyi, yəni AFFA-nın fəaliyyətindədir:
“AFFA tamamilə korrupsiya bataqlığındadır. Bu qurumda rəhbərlik edənlər peşəkarlar yox, diletantlar, “istedadlı alverçilər”dir. Onların məqsədi futbolun inkişafı deyil, dövlətin ayırdığı vəsaiti müəyyən vasitələrlə mənimsəməkdir. Bəli, rəhbərlik dəyişdi, yeni şəxslər vədlərlə işə başladılar. Amma nə baş verdi? Heç nə. Bölgələrdə futbolun inkişafı ilə bağlı real layihələr yoxdur. Xarici şirkətə milyonlarla vəsait ödəyib “strateji sənəd” hazırlatmaqla problem həll olunmur. Həmin sənəd indi AFFA-nın hansısa masasının üstündə tozlanır”.
O, belə bir şəraitdə milli komandanın uğur qazanmasının mümkün olmadığını vurğulayıb və həll yolunu əsaslı struktur islahatlarında görür:
“Bəs onda yığma komanda niyə Macarıstana qalib gəlməlidir? Azərbaycan yığmasının qələbə qazanması üçün əvvəlcə AFFA-da peşəkarların qələbəsi təmin olunmalıdır. Futbol təsərrüfatı onlara tapşırılmalıdır. Əks halda, nəinki bir il, beş il də qələbə qazana bilməyəcəyik. Nəticə? Problem bəllidir, həll yolu da məlumdur. Amma “amma”lar hələ də çoxdur. Və bu “amma”lar olduğu müddətcə, Azərbaycan azarkeşi sevinmək üçün Türkiyə, Gürcüstan və Özbəkistan kimi yığmalara azarkeşlik etmək məcburiyyətində qalacaq. AFFA-da rəhbərlik dəyişəndə cəmiyyət ümid etdi ki, yenilər köhnələrin səhvlərini təkrarlamayacaqlar. Amma bu il yarımda məlum oldu ki, yenilər köhnələrə rəhmət oxutduracaqlar. Necə deyərlər, Azərbaycan futbolu yağışdan çıxıb, yağmura düşüb. Belə idarəçilərlə Azərbaycanda futbolun inkişafı mümkün olmayacaq. Bu birmənalıdır”.
Göycə Göycəyev