Mirzə Şəfi Vazehin 220 illik yubileyi

media-hightechnic-468x90

14115732724787624635_600x400Sentyabrın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli maarifçi-şair Mirzə Şəfi Vazehin 220 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.

Tədbir Prezidenti İlham Əliyevin Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncama uyğun olaraq təşkil edilib.

Yubiley gecəsində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Mirzə Şəfi Vazehin Azərbaycan ədəbi-fikrindəki yerindən, klassik poeziyamızın inkişafındakı xidmətlərindən söz açıb.

Bildirilib ki, Tiflisdə qəza məktəbində müəllim kimi fəaliyyətə başlayan Mirzə Şəfi Vazeh burada dövrünün qabaqcıl adamları ilə daha yaxından tanış olmaq imkanı əldə edir. Mirzə Şəfinin alman səyyahı, rus və şərq poeziyasının tərcüməçisi Fridrix Bodenştedtlə tanışlığının təməli də burada qoyulur. Mirzə Şəfi 1844-cü ildə “Divani-Hikmət” adlı ədəbi məclis yaradır. Bu məclisdə azərbaycanlı şair və yazıçılarla yanaşı, başqa millətlərdən olan şairlər, yazıçılar, alimlər, səyyahlar də iştirak edirdilər. “Divani-hikmət” ədəbi məclisinin üzvlərindən biri də alman şairi Fridrix Bodenştedt idi. Bodenşdet Vazehin yaradıcılığı ilə yaxından maraqlanmağa başlayır və ondan Azərbaycan və fars dillərini öyrənir. Şərqə səyahətini başa vurub Almaniyaya qayıtdığı vaxt səyahətnaməsində Vazehin çap oluna biləcək kifayət sayda əsərinin olduğunu görür. O, Mirzə Şəfinin şerlərini 1851-ci ildə ədibin özündən xəbərsiz Avropada “Mirzə Şəfinin nəğmələri” adı altında alman dilində çap etdirir. Kitabın ilk çapı böyük müvəffəqiyyətlə qarşılanır. İndiyədək həmin kitab 300 dəfədən artıq nəşr edilib. Azərbaycan şairinin nəğmələri Avropada geniş əks-səda doğuraraq digər dillərə – fransız, ingilis, italyan, holland, ispan, çex, macar və başqalarına tərcümə olunaraq çap olunub və geniş yayılıb.

Qeyd edilib ki, Mirzə Şəfi Vazehin bədii irsinin çox az hissəsi bu günədək hifz edilib. Lakin böyük Azərbaycan şairi və mütəfəkkirinin əldə olunan qəzəl, rübai və müxəmməsləri onun nə qədər zəngin yaradıcılığa və yüksək istedada malik olduğunu sübut edir.

Xüsusi olaraq vurğulanıb ki, 220 illiyi qeyd olunan Mirzə Şəfi Vazehin ədibi irsi ölkə başçısının müvafiq Sərəncamından sonra daha geniş şəkildə öyrənilməyə başlanılıb.

Tədbirdə Azərbaycan yazıçılar Birliyinin katibi, yazıçı, tərcüməçi İlqar Fəhmi və filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli Mirzə Şəfi Vazehin həyat yolundan, onun Avropada əsərləri tərcümə olunan ilk Azərbaycan ədibi kimi böyük şöhrət qazanmasından geniş söz açıblar.

Gecədə şairin şeirləri və Xalq Artisti Mənsum İbrahimovun ifasında qəzəlləri səsləndirilib. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600