Sosioloqdan valideynlərə XƏBƏRDARLIQ: "Gələcəyimizi qorumaq üçün smartfon QADAĞASI ŞƏRTDİR”

media-hightechnic-468x90

“Orta məktəbi bitirənə qədər uşaqların smartfon telefon işlətməsi ölkə ərazisində qadağan olunmalıdır.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.

media-img_1286

Sosioloq “Mavi Balina” adı ilə tanınan kompüter oyunu ucbatından intihar etdiyi bildirilən 13 yaşlı uşağın intiharıhaqqında danışaraq valideynlərə müraciət edib:

“Təəssüf ki, belə faciəvi hadisələrin şahidi oluruq. Son dövrlər belə halların sayı artır. Bununla bağlı uzun illərdir ki, çağırış edirik, izah edirik ki, belə məsələlərdə ehtiyatlı və diqqətli olmaq lazımdır. Xüsusən də valideynlər uşaqlarına belə məsələlərdə nəzarət etməlidirlər. İndiki dövr ziddiyyətli dövrdür, texnologiyanın inkişafı, sosial şəbəkələrin nəzarətsiz şəkildə fəaliyyəti uşaqlara, gənclərə ən çox zərər vuran amildir. Onların psixologiyasını məhv edir, aqressivləşdirir, mənəvi boşluğa salır, ciddi problemlər yaradır. Burada da əsas yük valideynlərin üzərinə düşür. Uzun illərdir ki, mən şəxsən cəmiyyətimizə təklif edirəm ki, azyaşlı uşaqlara mobil telefon, smartfon verməmək lazımdır, onları nəzarət altında saxlayıb internet məkanından uzaq tutmaq lazımdır.

Kompüter oyunları uşaqları aqressivləşdirir, onları həyatdan küsdürür, psixi terrora məruz qoyur. O cümlədən, uşaqlar üçün olan müasir multfilmlərin də çox böyük təsiri var. Uşaqların psixologiyasına çox ciddi zərər verir. Köhnə multfilmlər bu məsələdə daha yaxşıdır. Ümumiyyətlə, valideynlər uşaqları ilə məşğul olmağa vaxt ayırmalıdırlar, onları internetin caynağına buraxmamalıdırlar. Düşünürəm ki, orta məktəbi qurtarana qədər uşaqlara qəti şəkildə smartfon vermək qadağan olunmalıdır.

Sadə telefon vermək olar ki, uşaq kənarda olanda əlaqə saxlaya bilsin. İnternetdən istifadə üçün evdə bir kompüter ola bilər; yoxdursa, valideynlərin telefonundan istifadə edərək onların nəzarəti altında faydalı məlumatlar əldə edə, düşündürücü oyunlar oynaya bilər. Bu, məsələnin virtual tərəfidir.

Real tərəfi isə odur ki, uşaqlar həyatda bir qədər enerjili, hərəkətli işləri xoşlayırlar. Buna görə də onların asudə vaxtlarını düzgün şəkildə təmin etmək lazımdır. Bunun üçün məktəbdən əlavə olaraq hər hansı yaradıcılıq kurslarına getməsini təmin etmək lazımdır. Dövlət də müəyyən qədər belə mərkəzlərin pulsuz və ya çox ucuz şəkildə fəaliyyət göstərməsini təmin etməlidir ki, aztəminatlı ailələr də uşaqlarını belə mərkəzlərə yönəldə bilsin. Uşaqların asudə vaxtlarını sağlam fəaliyyətlərə yönəltmək lazımdır ki, istedadlarını üzə çıxara bilsinlər. Eyni zamanda, uşaqların ətrafına, dostlarına diqqət yetirmək lazımdır; vaxtını nəyə sərf etdiyi daim nəzarətdə olmalıdır.”

E. Bayramlı qeyd edib ki, uşaqlara nəzarət etmək üçün onların ailəsi olmaq şərt deyil:

“Bütün bunlar kompleks məsələdir. Əlavə olaraq da dövlət tərəfindən müəyyən tədbirlər görülməlidir. Belə saytların ölkə ərazisində bloklanması, bu tip saytlara qadağa qoyulması, bu cür kontentlərin qarşısının alınması üçün texniki müdaxilələr, bloklanma olmalıdır. Bunu təmin etmək mümkündürsə, etmək lazımdır. Çünki uşaqlar həmişə qadağan olunan şeyləri sevdiyi üçün əldə etməyin bir yolunu tapır. Bütün bunlar hamısı birlikdə sağlam uşaqlar formalaşdırmağımızın əsas təməl prinsipləridir. Burada valideynlərin üzərinə ən böyük yük düşür, eyni zamanda qohumların, eləcə də qonşuların, yoldan keçənlərin belə uşaqlara nəzarət etməsi vacibdir. Cəmiyyət və dövlət olaraq bu sahəyə çox ciddi yanaşmalıyıq ki, sağlam gələcək yetişdirək.”

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa