“Rusiyada yaşayan ermənilərin və Ermənistanın iqtisadi-sosial həyatında yaranan problemlər heç də Paşinyanın xeyrinə olmayacaq”.
Bu fikirləri Ermənistanda daxili siyasi mübarizənin indiki mərhələsində cərəyan edən prosesləri dəyərləndirən politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ermənistanda sonuncu parlament seçkilərindən sonra ölkənin ictimai-siyasi vəziyyətinə təsir kontekstində bir çox məsələlərə aydınlıq gətirilib:
“Seçkilərdə Paşinyana dəstək verən ictimaiyyətin sülh istədiyi açıq-aydın ortadadır. Baş nazirin növbədənkənar seçkilərə gedəcəyi ilə bağlı məsələyə iki aspektdən yanaşıla bilər. Paşinyan ölkədəki ictimai-siyasi, sosial-iqtisadi vəziyyətin daha da ağırlaşa biləcəyindən ehtiyatlanaraq növbəti parlament seçkilərinə gedib müxalifəti şansı olmayan reallıqda yaxalamağa çalışır.
Ona qarşı kəskin mövqedə dayanan müxalifətin Rusiya ilə maraqlarının üst-üstə düşdüyü nəzərə alınmalıdır. Paşinyanın Rusiya ilə münasibətlərin kəskinləşdirilməsi istiqamətdə atdığı addımlar isə nə müxalifət, nə də seçicilər tərəfindən birmənalı qarşılanmır. Bu səbəbdən, müxalifət və iqtidar arasında münasibətlərin daha da gərginləşməsi ehtimalı var.
Əlavə olaraq, Paşinyanın KTMT toplantısı və digər Rusiyanın iştirakı ilə baş tutan digər tədbirlərə qoşulmaması İrəvanın Moskvaya yönəlik ismarışı kimi qəbul olunmalıdır. Bu halda erməni müxalifəti ölkədə narazı elektoratın iqtidara qarşı aktivləşdirilməsində daha aktiv iştirak edəcək. Bir sözlə, Rusiyanın Ermənistanın mövcud hakimiyyətinə təsir göstərmək üçün kifayət qədər komponentləri var.
Eyni zamanda, Rusiyada yaşayan ermənilərin və Ermənistanın iqtisadi-sosial həyatında yaranan problemlər heç də Paşinyanın xeyrinə olmayacaq. Bu vəziyyətdə Qərb də onun imdadına çatmayacaq. Çünki Qərb tərəfindən verilən vədlərin əksər hallarda yerinə yetirilmədiyi məlumdur. Əgər bu vəziyyət davam edərsə, Paşinyan hökuməti üçün yaxın perspektivdə müsbət tendensiyalar baş verməyəcək. Müxalifət isə yaranan fürsətdən isə mütləq istifadə etməyə can atacaq”.
Nəsimi Ələsgərli
www.yenicag.az