“Məsələ burasındadır ki, özünü Azərbaycanı strateji müttəfiq olaraq təqdim edən bir ölkənin faktları bu dərəcədə gözardı etməsi və nəticə etibarilə, hadisənin baş verməsindəki öz günahını etiraf etməməsi, təbii olaraq, Azərbaycan ilə Rusiya arasındakı münasibətlərə müxtəlif şəkildə təsir göstərəcək”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Analitik Prezident İlham Əliyevin təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə səsləndirdiyi fikirləri şərh edib.
R. Bayramova görə, sözügedən qəza hətta Rusiyanın səhlənkarlığı olsa belə, bir cinayət hadisəsi baş verib:
“Bu hadisədən sonrakı Rusiya tərəfinin fəaliyyəti isə həmin cinayəti ört-basdır etməyə yönəlmiş növbəti bir cinayət əməlidir. Yəni təyyarənin geniş izlər buraxmadan itməsi, radioaktiv qurğular vasitəsilə bloklanması və nəticədə Xəzər dənizi üzərində uzaq məsafəyə yönləndirilməsi ilk hadisəni ört-basdır etmək və izləri itirmək məqsədi güdürdü. Bu, faktlardır və Rusiya tərəfi nə desə də, bu faktları inkar etmək mümkün deyil”.
Onun sözlərinə görə, Azərbaycanın tələbi çox sadədir:
“Cinayətə görə günahkarların etiraf edilməsi, bu hadisədə əli olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və təzminatın ödənilməsi bizim tələbimizdir. Ancaq biz Rusiyada hələ də ayrı-ayrı rəsmilərin bəyanatlarında hadisənin texniki səbəblərdən və ya başqa müxtəlif səbəblərdən baş verdiyi ilə bağlı yanlış mövqelər görürük. Bu cür yanaşma Azərbaycanı məcbur etdi ki, dövlətlərarası mülki aviasiya çərçivəsindən kənar xüsusi araşdırma aparsın. Bu tələblər nəticəsində Qazaxıstanın təşəbbüsü ilə beynəlxalq ekspert qrupu təyin edildi və bütün səylərə baxmayaraq, “qara qutu”nun açılması prosesi Rusiya və ya müvafiq mülki aviasiya qurumlarından deyil, birbaşa təyyarənin istehsalçı ölkəsinə həvalə edildi”.
Həmsöhbətimiz əlavə edib ki, dövlət başçısının dünən verdiyi açıqlama, əslində, keçən ilin sonunda Azərbaycan Dövlət Televiziyasına verdiyi açıqlamanın davamı kimi qiymətləndirilməlidir:
“Prezidentin davamlı olaraq səsləndirdiyi bu tələblər göstərir ki, Rusiya tərəfi nəhayət bu günahı etiraf etməli və Azərbaycan tərəfinin tələblərinə uyğun hərəkət etməlidir. Çünki bütün faktlar ortadadır və Rusiya tərəfinin bu cür mövqeyi nə qədər güclü əlaqələrə əsaslansa da, iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərəcəkdir. Biz bu münasibətlərin pozulmaması və Rusiyanın sadiqliyinin təmin olunması üçün konkret tələblər irəli sürmüşük və bu gün Prezidentin müvafiq açıqlamalarından sonra məsələ artıq birbaşa Rusiya tərəfinin cavabını tələb edir. Bu məsələdə Dağıstanda, Çeçenistanda və ya başqa bir hərbi komandanlıqda olan heç kəsin cavab verməsi lazım deyil. Bəyanatlar Prezident tərəfindən verilibsə, Rusiya prezidenti Vladimir Putin də öz cavabını verməlidir və bu cavab, Azərbaycanı qane edəcək şəkildə olmalıdır”.
Rafi Müslümov
www.yenicag.az