“Ümumiyyətlə, bu hadisə Azərbaycan üçün çox böyük bir faciədir. Təyyarənin vurulması nəticəsində dünyasını dəyişənlərə Allah rəhmət etsin, ailələrinə dərin səbir versin. Bu, Azərbaycan cəmiyyəti üçün ağır itki oldu. Lakin dövlətin bu məsələdə tutduğu mövqedən çıxış etmək vacibdir. Azərbaycan dövlətinin milli maraqları və təhlükəsizliyi nəzərə alınaraq verilən qərarlar təqdirəlayiqdir”.
Bu sözləri Yenicag.az-la söhbətində politoloq Azər Hüseynov deyib.
Siyasi təhlilçi Rusiyanın “Pantsir-S1” hava hücumundan müdafiə sistemləri tərəfindən AZAL-a məxsus təyyarənin vurulması faktı ilə yanaşı, Azərbaycan və Rusiya arasındakı münasibətlərin gələcək perspektivdə hansı məcra üzrə davam edəcəyi haqqında səslənən fikirlərə münasibət bildirib.
A. Hüseynova görə, bu kimi hadisələrdə, xüsusən də Rusiya ilə münasibətləri nəzərə alaraq, təmkinli və ölçülü addımlar atılmalıdır:
“Çünki Azərbaycanın regionda yerləşməsi və bu regionda verilən bəyanatların, səsləndirilən fikirlərin ölkəmizin ümumi durumuna təsir edə biləcəyi danılmaz faktdır. Rusiyanın bu hadisədəki mövqeyinə gəlincə, görünür, Rusiya hakimiyyətində də bununla bağlı daxili çəkişmələr mövcuddur. Bu hadisənin qəsdən törədilib-törədilmədiyi, yaxud texniki bir səhvdən qaynaqlandığı hələ dəqiqləşməyib. Mümkündür ki, bəzi qüvvələr bunu Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmaq məqsədilə təxribat kimi qiymətləndirir, digərləri isə bunun daha çox daxili texniki problemlərdən və ya bəzi fərdi hərəkətlərdən qaynaqlandığını düşünür”.
Analitikin fikrincə, Rusiya tərəfi bu məsələdə təmkinli yanaşma nümayiş etdirir, çünki onların da Azərbaycanla münasibətləri pozmaq marağında olmadıqları görünür:
“Azərbaycan və Rusiya arasındakı münasibətlər bu gün kifayət qədər praqmatik əsaslara dayanır. Hətta regiondakı digər dövlətlərlə müqayisədə bu münasibətlər emosiyalardan uzaq, daha praqmatik və konkret maraqlara əsaslanır. Bu hadisə çərçivəsində Azərbaycanın mövqeyi də milli maraqlardan çıxış edir. Ölkəmiz, hər şeydən öncə, öz təhlükəsizliyini və sabitliyini qorumaq məcburiyyətindədir. Rusiya hakimiyyəti isə daxili araşdırmalar apararaq bu hadisənin əsl səbəbkarlarını müəyyən etməlidir. Sonrakı mərhələdə siyasi iradə ilə yekun qərar verilməli və münasibətlərə təsir göstərəcək mövqe bəyan edilməlidir. Eyni zamanda, unutmaq olmaz ki, Rusiya daxilində də fərqli fikirlər və maraqlar mövcuddur. Bəzi qüvvələr Azərbaycanla münasibətlərin pozulmasını istəmədiyi halda, digərləri əks mövqedə ola bilər. Bu məsələnin həlli isə məhz həmin zidd mövqelər arasında aparılan mübarizənin nəticəsindən asılı olacaq”.
Rafi Müslümov
www.yenicag.az