“Bölgədə nə Rusiya, nə də ermənilər yeni müharibə istəyir”.
Bunu öncə Arayik Arutyunyan, ardıncada Ruben Vardanyanın Moskvaya çağırılması və proseslərin hansı istiqamətə yönəlməsini dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.
Qabil Hüseynli bildirib ki, Moskva Qarabağla bağlı siyasətində müəyyən dəyişikliklər edir:
“Moskva sülhməramlıların bölgədə qalması şərti ilə Qarabağın separatçıların olan ərazisinin Azərbaycana tabe etdirilməsi ideyasına gəlib çıxıb. Son zamanlar Rusiyanın imhisarı olan Ruben Vardanyan müstəqillik, Azərbaycana tabe olmamaq xəttindən çıxış edirdi. Arayik Arutyunyan isə Azərbaycanla danışıqların, dil tapmanın tərəfdarı kimi çıxış edirdi. Azərbaycan Arayiki də qəbul etmir. Ancaq bir müddətlik qəbul edə bilər. Rusiyanın siyasi rəhbərliyi ilə danışıqlar nəticəsində Ruben Vardanyanın bu ərazidən çıxarılması erməni əhalisi içərisində Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırlaşan insanların sərbəstliyinə imkan yaradılması üçün edilir.
Bölgədə vəziyyət müharibə həddinə çatıb. Rusiya bu müharibəni istəmir desəm, yanılmaram. Ermənilər də çox güman ki, yeni müharibə istəmirlər. Bu səbəbdən də sözdə Qarabağ haqqında danışsalar da, Qarabağa deyil, Ermənistana diqqət yetirməyin vacibliyi qərarına gəliblər. Bu belə də olmalıdır, başqa cür mümkün deyil.
Rusiyada da sözdə deyil, əməldə Azərbaycanın ərazi bütövlüyü məsələsinə müəyyən düzəlişlər etmək qərarına gəliblər. Bu səbəbdən də Ruben Vardanyanı Moskvaya aparıblar. Arayik də ondan əvvəl Moskvada olub. Hər halda bölgədə dəyişikliklərin olacağını söyləmək mümkündür. Bu dəyişiklikləri də birdən-birə mexaniki surətdə yalvar-yaxar edərək, Azərbaycana biət etmələri kimi yox, tədricən separatçılar yaşayan ərazidəki hissələrin Azərbaycan cəmiyyətinə inteqrasiyası kimi başa düşürük. Bu zənnimcə sülh müqaviləsinin imzalanmasına, həm də bölgədə yeni status-kvonun yaranmasına gətirib çıxara bilər. Hər halda proseslərə müəyyən ehtiyatla, eyni zamanda nikbin yanaşıram”.
Səxavət Məmməd
www.yenicag.az