Moskvanın səssiz QORXUSU: Orta Asiyada türk xətti yüksəlir, rus təsiri isə…
Rusiyanın aparıcı analitik mərkəzlərindən olan Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (IMEMO) son hesabatına görə, Türkiyə Orta Asiyada təsirini sürətlə və sistemli şəkildə artırır.
Yenicag.az xəbər verir ki, bu təsir artıq yalnız mədəni və ideoloji çərçivə ilə məhdudlaşmır; enerji, ticarət, logistika və infrastruktur kimi konkret iqtisadi sahələr üzərindən qurulan real əməkdaşlıqlara söykənir.
Hesabatda vurğulanır ki, Ankara Türk Dövlətləri Təşkilatı (TDT) vasitəsilə Orta Asiyada nüfuzunu artırır və bu prosesi beynəlxalq müstəviyə daşımağa çalışır. Xüsusilə TDT-nin BMT-də müşahidəçi statusu əldə etmək cəhdi Moskva tərəfindən texniki yox, siyasi və uzunmüddətli strateji addım kimi qiymətləndirilir. 2022-ci ildə Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi kimi daxil olması bu prosesi daha da sürətləndirib və Rusiyanın Orta Asiya ilə bağlı narahatlığını artırıb.
IMEMO-ya görə, TDT-nin beynəlxalq legitimlik axtarışı Rusiyanın Avrasiya məkanında əsas platforması sayılan Avrasiya İqtisadi Birliyi ilə örtülü rəqabət aparır. Moskva bu rəqabəti açıq qarşıdurma kimi deyil, Avrasiya güc arxitekturasını dəyişə biləcək uzunmüddətli tendensiya kimi oxuyur və prosesi ehtiyatla izləyir.
Hesabatda Türkiyə–Türkmənistan yaxınlaşması ön plana çıxarılır. Uzun müddət “daimi neytrallıq” siyasəti yürüdən Türkmənistanın iqtisadi çətinliklər və Çinə yüksək enerji asılılığı səbəbindən yeni tərəfdaşlar axtardığı qeyd olunur. Bu kontekstdə Türkiyə həm mühüm ticarət tərəfdaşı, həm də Türkmən qazının Avropaya daşınması üçün potensial tranzit ölkə kimi strateji əhəmiyyət qazanır.
Rusiya analitiklərinin qənaətinə görə, Türkiyə 1990-cı illərdəki romantik “mədəni birlik” ritorikasından fərqli olaraq, bu gün Orta Asiyada praqmatik və nəticəyönlü siyasət yürüdür. Enerji, logistika və ticarət üzərindən qurulan bu strategiya Ankaranı regionda Rusiya və Çin arasında “tarazlaşdırıcı aktor” mövqeyinə yüksəldir. Moskva isə Türkiyənin artan rolunu birbaşa qarşıdurma ilə deyil, diqqətli, uzunmüddətli və strateji müşahidə xətti ilə izləməyi üstün tutur.
Bu kontekstdə Azərbaycanın Türkiyənin Orta Asiyadakı fəallaşmasına verdiyi açıq və ardıcıl siyasi dəstək də ayrıca vurğulanmalıdır. Bakı, Türk Dövlətləri Təşkilatını yalnız mədəni platforma deyil, real geosiyasi və iqtisadi mexanizm kimi görür və bu xəttdə Ankaranın əsas tərəfdaşı kimi çıxış edir. İlham Əliyevin TDT daxilində aparıcı və təşəbbüskar mövqeyi, təşkilatın strateji sənədlərinin formalaşmasında fəal iştirakı və Rəcəb Tayyib Ərdoğanla qurduğu yüksək səviyyəli siyasi münasibətlər Moskva tərəfindən diqqətlə izlənir.
Rusiyanın son dövrlər Azərbaycana qarşı daha soyuq və məsafəli mövqe sərgiləməsində, yaşanan problemlərdə Bakının Türkiyə ilə koordinasiyalı şəkildə Orta Asiya və Türk dünyası xəttində güclənən rolu da mühüm amil kimi qiymətləndirilir. Moskva üçün bu tandem, Avrasiya məkanında formalaşan yeni güc balansının mühüm elementlərindən biri hesab olunur.
Amir Aqiloğlu












