“AXC-Müsavatın dövləti uçuruma sürüklədiyi bir vaxtda xalq Heydər Əliyevi çağırdı“ - Millət vəkili

media-hightechnic-468x90

“15 İyunda Ümummilli Lider Heydər Əliyev ölkəni dərin böhrandan çıxarmaq missiyasını öz üzərinə götürdü və dövlətçiliyin xilaskarına çevrildi.”

media-banner_tuq

Bu ifadələri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

media-f758cc0c-6c1a-46dd-8482-71af637ce8f7

Deputat 15 iyun tarixinin Azərbaycan dövlətinin parçalanmaqdan xilas edildiyi gün olaraq tarixə qızıl hərflərlə keçdiyini vurğulayıb:

“15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən mühüm səhifələrindən biridir. Bu tarix ölkənin müstəqilliyini itirmək və parçalanmaq təhlükəsindən xilas olduğu günün başlanğıcıdır. Məhz həmin gün Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni dərin böhrandan çıxarmaq missiyasını öz üzərinə götürdü və dövlətçiliyin xilaskarına çevrildi.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan son dərəcə mürəkkəb geosiyasi şəraitdə fəaliyyət göstərirdi. Ermənistanın hərbi təcavüzü davam edir, torpaqlarımız işğal olunur, ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşırdı. Belə bir dövrdə dövlət idarəçiliyində peşəkarlıq, milli maraqlara əsaslanan siyasət və güclü liderlik tələb olunurdu.

Lakin 1992–1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarı bu tarixi məsuliyyətin öhdəsindən gələ bilmədi. Dövlət idarəçiliyində ciddi boşluqlar yarandı, siyasi səriştəsizlik dövlət maraqlarını zərbə altına qoydu. Hakimiyyət daxilində çəkişmələr, orduda nizamsızlıq, iqtisadi böhran və hüquq-mühafizə sistemindəki xaos ölkəni idarəolunmaz vəziyyətə gətirmişdi.”

K.Nurullayeva AXC hökumətinin Azərbaycanda açdığı dərin yaralardan danışarkən sözünə belə davam edib:

“Həmin dövrdə cəbhədə uğursuzluqlar artır, torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Daxildə isə müxtəlif silahlı qrupların fəallaşması vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri artıq ölkənin vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üz-üzə qaldığını açıq şəkildə nümayiş etdirdi. Ayrı-ayrı bölgələrdə separatçı meyillərin güclənməsi Azərbaycanın gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı.”

Deputat həmin günlərdə Azərbaycanı parçalanmaqdan qorumağın yalnız bir şəxslə mümkün olduğunu dilə gətirib: Heydər Əliyev!

“Belə bir şəraitdə xalqın və dövlətçilik təfəkkürünə malik siyasi qüvvələrin ümidi yalnız Ulu Öndər Heydər Əliyevə idi. Böyük siyasətçinin Bakıya dəvət olunması tarixi zərurətə çevrilmişdi. 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkənin taleyində dönüş nöqtəsi oldu.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk növbədə ölkədə sabitliyin təmin olunmasına başlanıldı. Dövlət çevrilişi təhlükəsinin qarşısı alındı, vətəndaş qarşıdurmasına son qoyuldu, dövlət institutlarının fəaliyyəti bərpa edildi. Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

Həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu, iqtisadi inkişafın əsası qoyuldu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynadı. Dövlət quruculuğu prosesi sürətləndi, milli maraqlara əsaslanan xarici siyasət formalaşdırıldı.”

Sonda K.Nurullayeva Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasi xəttinin davamçısı Ali Baş Komandan İlham Əliyevin fəaliyyətindən də söz açıb:

“Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Azərbaycanın iqtisadi qüdrəti artdı, Silahlı Qüvvələr gücləndirildi və ölkəmiz regionun aparıcı dövlətinə çevrildi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı, 2023-cü ildə isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır. İşğaldan azad edilmiş şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.

Tarixi hadisələrin gedişi bir daha sübut etdi ki, 1993-cü ilin iyununda verilən qərar Azərbaycanın taleyini müəyyənləşdirən mühüm seçim idi. Milli Qurtuluşdan başlanan yol ölkəmizi siyasi böhrandan sabitliyə, işğal faktı ilə üzləşən dövlətdən ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlətə çevirdi. Bu gün əldə olunan uğurların təməlində məhz 15 İyun Milli Qurtuluş Gününün yaratdığı siyasi sabitlik və dövlətçilik ənənələri dayanır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05