“Mossad”ın çatmaq istədiyi “kölgə”: Xameneinin “sirr sandığı” – İsmayıl Xətib KİMDİR?
İran İslam Respublikası mürəkkəb siyasi sistem, dərin ideoloji təməllər və çoxsaylı güc mərkəzləri ilə dolu labirintdir. Bu labirintin mərkəzində isə yalnız seçilmişlərə məlum olan, lakin ölkənin taleyini müəyyən edən şəxslər dayanır. Onlardan biri də İsmayıl Xətibdir. Hansı ki bu şəxs Tehranın ən qorunan sirri, İranın kəşfiyyat sisteminin əsas memarlarından və hətta ali lider Ayətullah Xameneinin ən yaxın mühafizəçisi kimi tanınan fiqurdur.
Qeyd edək ki, İsmayıl Xətib yalnız sadəcə bir kəşfiyyat rəhbəri deyil, eyni zamanda İranın təhlükəsizlik və ideoloji dayaqlarının qurulmasında fundamental rol oynayan simadır. Onun fəaliyyəti 1980-ci illərin əvvəllərindən başlayaraq, SEPAH daxilində nüfuz qazanması və güc mərkəzlərinin formalaşmasına təsiri ilə seçilir. Xətibin əsas xüsusiyyəti onun görünməzliyi və operativliyidir, o, hətta prezident səviyyəsində belə tam olaraq tanınmır.
Maraqlıdır ki, Xətibin nəzarətində olan təhlükəsizlik kompleksi həm xarici, həm də daxili təhdidlərə qarşı çalışır. İran daxilində onun fəaliyyəti barəsində çox az məlumat yayılır, lakin onun adı Qərb kəşfiyyat dairələrində, xüsusilə İsrailin “Mossad”da xüsusi yer tutur.
İranın inqilabi quruluşunda SEPAH-ın rolu danılmazdır və burada müxtəlif qruplaşmalar arasında ideoloji və siyasi ziddiyyətlər mövcuddur. Möhsün Rzayi və Qasım Süleymani kimi güclü fiqurların başçılıq etdiyi xətlər isə arasındakı qarşıdurma illərlə davam etmişdir. Lakin Süleymaninin qətlindən sonra yaranan boşluğu dolduran şəxs kimi Xətib ön plana çıxdı. O, həm Rzayi xəttinə bağlı qalmaqla, həm də yeni post-Süleymani dövrünün əsas arxitektoruna çevrilməklə İranın kəşfiyyat sistemində yeni paradiqmaya rəhbərlik edir.
İranın gələcək siyasi taleyində ən çox müzakirə olunan mövzulardan biri “Xameneidən sonra kim olacaq?” sualıdır. Bu sualın cavabı əhəmiyyətli dərəcədə İsmayıl Xətibin nəzarət etdiyi təhlükəsizlik və kəşfiyyat şəbəkəsində formalaşır. Xətib yalnız fiziki mühafizə məsələlərini həll etməklə kifayətlənmir, o, eyni zamanda gələcək liderin seçilməsi və legitimliyinin təmin olunmasında əsas rol oynayır. Bu isə İslam Respublikasında siyasi legitimliyin yalnız dini və ya siyasi amillərlə deyil, həm də kəşfiyyat gücü və təzyiq mexanizmləri ilə möhkəmləndirildiyinin göstəricisidir. Beləliklə, Xətib İranın güc strukturlarında həm real siyasətçi, həm də strateq kimi çıxış edir.
Son günlər İsrail ordusu ilə yanaşı bu ölkənin “Mossad” təşkilatı İran daxilində həyata keçirdiyi gizli əməliyyatlarla nüvə proqramı və hərbi elita üzərində ciddi zərbələr endirib. Lakin təhlillər göstərir ki, bu zərbələr təkcə nüvə sahəsinə yönəlməyib, həm də İranın siyasi-kəşfiyyat elitasına ciddi təsir göstərmək məqsədi daşıyır. Bu baxımdan, İsmayıl Xətib “Mossad”ın ən prioritet hədəflərindən birinə çevrilib.
Bu məqam İsrailin strateji düşüncəsində dəyişiklik olduğunu göstərir: artıq generalların deyil, “beyinlər”in hədəflənməsi ön plandadır. Yəni İranın siyasi stabilliyinin zəiflədilməsi üçün kəşfiyyatın əsas simalarının neytrallaşdırılması əsas vəzifədir. İsmayıl Xətib öz görünməzliyi və təsir dairəsinin genişliyi ilə İran siyasi arenasında unikal sima kimi çıxış edir. O, nə ictimaiyyət qarşısında böyük nitqlər söyləyir, nə də siyasi debatlarda önə çıxır, lakin məhz bu səssizlik onun ən böyük güc mənbəyidir.
Xətibin fəaliyyəti və gücü Tehranın və bütövlükdə İranın siyasi gələcəyini formalaşdırır. Onun varlığı İranın təhlükəsizlik sisteminin “sümükləri”ni təşkil edir və bu sistemin necə işləməsi Yaxın Şərqdə regionun güc balansına təsir edir. Beləliklə, İsmayıl Xətib həm Xameneinin qoruyucusu, həm gələcək liderin formalaşdırıcısı, həm də İranın siyasətində “gizli əl” kimi gələcəyin arxitektorudur. Onun rolu və mövqeyi isə beynəlxalq güc oyunlarında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Rafi Müslümov