Motosikletli "yol terrorçuları" TƏHLÜKƏNİ ARTIRIR : "Sərt cərimələr və reydlər tətbiq olunmalıdır”

media-hightechnic-468x90

Son illərdə ölkədə motosiklet və moped sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə artıb.

Rəsmi statistikaya görə, son 3 ildə bu kateqoriyaya aid qəzaların sayı 25%-dən çox artaraq, yol hadisələrinin ümumi strukturunda mühüm paya sahib olub. Xüsusilə paytaxt və böyük şəhərlərdə, yüksək sıxlıq və hərəkətin intensivliyi səbəbindən motosiklet sürücülərinin iştirakı ilə baş verən qəzalar daha çox təhlükəli nəticələrlə yadda qalır. Ölüm və ağır xəsarətlərlə nəticələnən bu hadisələr ictimaiyyətin narahatlığına səbəb olmaqla yanaşı, yol təhlükəsizliyi sahəsində ciddi tədbirlərin görülməsinin zəruriliyini ortaya qoyur. Ekspertlər bildirirlər ki, bu artımın əsas səbəbi sürücülərin peşəkarlıq səviyyəsinin aşağı olması, yol hərəkəti qaydalarına əməl etməməsi və lazımi nəzarətin olmamasıdır. Bu səbəbdən də mövcud qanunvericilikdə motosiklet və moped sürücülərinə tətbiq olunan tələblərin sərtləşdirilməsi və təlimlərin gücləndirilməsi məsələsi aktuallıq qazanır.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Nəqliyyat eksperti İlqar Hüseynov bildirib ki, yol qəzalarının sayı artmaqda davam edir və bu, xüsusən motosiklet sürücülərinin peşəkarlıq səviyyəsinin aşağı olması ilə bağlıdır. O vurğulayıb ki, motosikletin idarə olunması üçün xüsusi sürücülük kurslarından keçmək, peşəkar təcrübə toplamaq və yalnız bundan sonra sürücülük vəsiqəsi almaq lazımdır.

media-47790369

“Ümumiyyətlə, sizə deyim, motosiklet idarə etmək ayrı bir peşəkarlıq tələb edir. Amma təəssüf ki, bizdə belə prosedurlar çox vaxt gözlənilmir. İxtiyari şəxs gedib istədiyi yerdən moped, motosiklet alır və onu idarə edir. Moped və skuterlərə sürücülük vəsiqəsi tələb olunmur. Qanunvericilikdə isə motosikletlər üçün bu tələb mövcuddur. Məncə, ən azı motosikletlərə bu tələblər tətbiq edilməlidir,” – deyə İlqar Hüseynov qeyd edib”

İlqar Hüseynov deyir ki, xüsusilə yol qəzalarının artmasında xidmət sektorunda çalışanlar, Yandex, Wolt kimi çatdırılma xidmətlərinin daşıyıcıları daha çox rol oynayır.

“Bu insanlar işlərini itirməmək üçün sürəti artırır, təhlükəli sürücülük edir. Bu da təəssüf ki, çoxsaylı qəzaların baş verməsinə səbəb olur. Həvəskar sürücülər də çoxalıb, onlar da şəhər küçələrində sürətlə manevrlər edir, kaskodyorluq edirlər,” – deyə o vurğulayıb”

Ekspert misal olaraq bu gün səhər özünün Sumqayıt-Bakı istiqamətində müşahidə etdiyi bir hadisəni danışıb:

“Səhər saatlarında yol gedərkən çox sürətlə motosiklet sürən, ziqzaq vuraraq avtomobillər arasında hərəkət edən bir sürücünü gördüm. Bu, məsuliyyətsiz sürücülüyün ən açıq nümunəsidir.”

Onun sözlərinə görə, bütün bu hallar şəxslərin məsuliyyəti və psixologiyası ilə bağlıdır.

“Hər sürücü bilməlidir ki, onun hər hansı bir səhvi anidən qəzaya, hətta ölümə səbəb ola bilər. Son vaxtlar azyaşlı uşaqların da belə qəzaya düşməsi, Bayıl istiqamətində iki gəncin və bir xanımın həyatını itirməsi, başqa bir gəncin ayaqlarını itirməsi – bütün bunlar cəzasızlığın nəticəsidir,” – ekspert qeyd edib.

Ekspert əlavə edib ki, Azərbaycan bu sahədə bir qədər inkişaf etsə də, Asiya ölkələrində vəziyyət hələ də çox pisdir.

“Mən İran, Türkiyə kimi ölkələrdə olmuşam. Orada motosikletlərin idarə olunması çox xaotiki. Ankarada belə vəziyyət var. Bu qədər təhlükəli sürücülük dünyada çox azdır. Avropada isə vəziyyət tam fərqlidir. Hər kəs kaska taxır, müəyyən sürət həddinə riayət edir. Mopedlər və motosikletlər sərt qaydalarla tənzimlənir,”

Ekspert bildirib ki, yol polisi mütəmadi reydlər keçirir, tədbirlər həyata keçirir, lakin bütün sürücülərə nəzarət etmək mümkün deyil.

“Burada əsas məsələ sürücülərin öz məsuliyyətini dərk etməsidir. Onlar sürərkən diqqətli olmalı, sürət həddini aşmamalıdırlar,” – o əlavə edib.

İlqar Hüseynov fikrini belə yekunlaşdırıb:

“Əvvəllər sürücülər təhlükəsizlik kəməri taxmağa tabe olmurdu, amma cərimələr və reydlər nəticəsində bu problem həll edildi. Məncə, eyni metodologiya ilə motosiklet sürücülərinə də təsir etmək mümkündür. Cərimələrin artırılması, sanksiyaların tətbiqi ilə bu sahədə də islahat aparmaq olar.”

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa