Türkiyədə neqativ reputasiyaya malik “ilahiyyatçı”nın kitabının Azərbaycanda nəşri hansı zərurətdən yaranıb?
Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu ölkənin ictimai rəyində çox mənfi obraza malik olan, adı dini-siyasi intriqaların önündə gələn, hətta uşaqbazlığa görə həbs olunan “ilahiyyatçı” Mustafa İslamoğlunun “İslam nədir?” kitabı Azərbaycanda nəşrə hazırlanır (http://teksaf.org/2016/12/09/azerbaycan-kultur-bakanligi-mustafa-islamoglunun-islam-nedir-kitabini-basip-dagitacak/). Bu barədə yayılmış məlumata görə, İslamoğlunun “İslam nədir?” kitabının Azərbaycanda çap olunmasının təşəbbüskarı “bir qrup könüllü”dür və bu iş “Uydurulmuş dindən endirilmiş dinə” layihəsi çərçivəsində görülür. Xəbərin maraqlı cəhəti isə adıçəkilən müəllifin sözügedən kitabının Azərbaycanda nəşr olunmasına ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstək verməsidir. “Uydurulmuş dindən endirilmiş dinə” layihəsinin müəlliflərindən biri kimi təqdim olunan ilahiyyatçı Elşad Miri də “İslam nədir?” kitabının nəşrinin zəruriliyini belə əsaslandırıb: “Mustafa İslamoğlunun “İslam nədir?” kitabını oxuduqdan sonra bu kitabın çapının vacibliyini gördük və nəşrin müxtəlif dillərə tərcümə olanaraq yayılmasının zəruriliyi qənaətinə gəldik”. E.Mirinin sözlərinə görə, kitabı Azərbaycan dilinə çevirdikdən sonra onun çap olunması üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib: “Öyrəndik ki, Mədəniyyət və Turizm Nazirliyində kitab nəşri ilə bağlı fəaliyyət də həyata keçirilir. Nazirliyin müvafiq komissiyası ilə müəyyən yazışmalardan sonra kitabın nəşr olunaraq yayılması haqqında qərar qəbul edildi. Bundan sonra ayrıca internet saytı da açdıq və kitabın rus dilinə tərcüməsi üzərində də işlərə başlanıldı. “İslam nədir?” kitabının səsli versiyasını da hazırlamağı nəzərdə tuturuq. Bu işlər görüləndən sonra Mustafa İslamoğlu hocanın başqa bir kitabını da Azərbaycan dilində çap etdirməyi düşünürük”.
Saytda kitabın nəşrinin zəruriliyi belə əsaslandırılıb: “Öyrəndik ki, Mədəniyyət və Turizm Nazirliyində kitab nəşri ilə bağlı fəaliyyət də həyata keçirilir. Nazirliyin müvafiq komissiyası ilə müəyyən yazışmalardan sonra kitabın nəşr olunaraq yayılması haqqında qərar qəbul edildi. Bundan sonra ayrıca internet saytı da açdıq və kitabın rus dilinə tərcüməsi üzərində də işlərə başlanıldı. “İslam nədir?” kitabının səsli versiyasını da hazırlamağı nəzərdə tuturuq. Bu işlər görüləndən sonra Mustafa İslamoğlu hocanın başqa bir kitabını da Azərbaycan dilində çap etdirməyi düşünürük”.
Mustafa İslamoğlu əslində kimdir?
Türkiyədə olduqca mənfi reputasiyaya malik olan Mustafa İslamoğlunun adı qardaş ölkədə “iranpərəst” məfhumunun sinonimi kimi qəbul olunur. İrandan ciddi dəstək alaraq gənclərə istiqamətlənmiş bir sıra layihələri ilə meydana çıxan M.İslamoğlu İslam İnqilabının təbliği və ixracı üçün çalışıb. İslamoğlu Türkiyədə gənclərin İslam İnqilabı ruhunda yetişdirilməsinin vacibliyini bəyan edərək, gerçək məqsədini gizlətmirdi: “Müsəlmanların hakimiyyətə gəlməsi və mövcud hakimiyyətin zəiflədilməsi üçün ən yaxşı yol müsəlman gənclərin küçələrə axışmasıdır”.
Ancaq M.İslamoğlunun pozucu fəaliyyəti sadəcə, Türkiyə ilə məhdudlaşmayıb. İslamoğlunun Azərbaycanda da Fələstin, İraq, Misir, Livan və Əfqanıstanda olduğu kimi, radikal dinçi terror mühiti yaratmak niyyəti əksəriyyətə məlumdur. Onun Azərbaycan iqtidarının əleyhinə səsləndirdiyi kəskin tənqidi fikirlər isə hələ də xatırlanır.
2009-cu ildə Bakıya gələrək, “İlahiyyat” məscidində qaranlıq səbəblərlə xütbə vermək imkanı əldə edən (Halbuki bu şəxsə Türkiyədə məscidlərdə xütbə vermək qadağandır) M.İslamoğlu Bakıdan döndüyündə “Can Azərbaycan” adlı məqalə yazaraq, ölkəmizi sərt dillə tənqid etmişdi. Azərbaycanda “dinin əldən getdiyini” şüvənlə bəyan edən İslamoğlu İranın Bakıdakı rezidentlərini “göyün yeddinci qatı”na qaldırmışdı. Onun təriflədiklərinin bir çoxu hazırda İrana casusluq suçundan həbsdədir.
Bu “ilahiyyatçı” Azərbaycanda təmas qurduğu dini icmaları mövcud hakimiyyətə qarşı cihada qalxmaq yönündə təhrikçilik fəaliyyətindən bu gün də əl çəkməyib. Yeri gəlmişkən, Azərbaycana səfəri çərçivəsində “məzhəblərarası narazılıqları aradan qaldırmaq”, “şiə və sələfiləri barışdırmaq” “yük”ünü çiyinlərinə götürdüyünü iddia edən İslamoğlu əslində, bütün vasitələrlə İranın maraqlarını həyata keçirmək xəttində qalmaqdadır. O, bu gün də qeyd olunan mövqeyi əsasında Azərbaycandakı fəal, hazırlıqlı, o cümlədən, hakimiyyətdə olan gənc kadrları təsir dairəsinə salmaq istiqamətində cəhdlərinə ara vermir. Belə bir şəxsin kitabının Azərbaycanda rəsmi dövlət qurumunun dəstəyi ilə nəşrə hazırlanması əlbəttə ki, üstündən sükutla keçiləsi məsələ deyil. Nəzərə alaq ki, Güləni Türkiyədə ilk ifşa edən alimlərdən Kadir Misiroğlu İslamoğlu ilə bağlı ”O gələcəyin Fətullah Gülənidir” deyib.
İslamoğlunun Gülən haqqında iki əks mövqeyi
Sözügedən ilahiyyatçının FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülən haqqında fikirləri də qısa müddət ərzində iki dəfə 180 dərəcə dəyişib. Məsələn, 2014-cü ildə bütün ciddi-cəhdilə Güləni dəstəkləyən İslamoğlu “Camaat” liderini tənqid edənlərin ünvanına həqarət səsləndirməkdən çəkinməmişdi. Onun iki il əvvəl verdiyi müsahibədən bu seçməyə diqqət edin. İslamoğlu Güləni tənqid edənlərin onun “bir ayaqqabısı ağırlığında olmadığını” deyir: “O, bir alimdir, beləsini yetişdirin görək… Hə, bir Fətullah Gülən yetişdirin, görüm sizi… Hocanın (Fətullah Gülən – red.) ayaqqabısını yetişdirin, öpüm size. Qaralamaq asandır, bir-birimiz haqqında danışırıqsa, yaxşı danışaq. Bu, bir xəstəlikdir”.
F.Gülənə görə onun tənqidçilərini bu tərzdə aşağılayan İslamoğlu 15 iyul çevriliş cəhdindən cəmi bir həftə sonra verdiyi müsahibəsində tam əks fikirlər söyləyir. Türkiyənin dövlət qurumlarına sızmış FETÖ-çülərdən zülm-əziyyət gördüyünü deyən İslamoğlu dövlətin həmin şəbəkəni tam ifşa etməyə çağırır: “Bu məsələlərə dövlətin apardığı təhqiqatlarla aydınlıq gələcək. Mənim də bir vətəndaş kimi dövlətin təhqiqatından gözləntilərim var. Bu iddialara aydınlıq gətirilsin, araşdırılsın, üzə çıxarılsın ki, dedi-qodular da ortadan qalxsın”.
Uşaqbaz İslamoğlu
Ancaq İslamoğlunun necə “əxlaq” və “mənəviyyat” sahibi olduğunu daha açıq surətdə göstərən başqa fakt da var. Türkiyə mətbuatında İslamoğlunun 19 yaşında – 1980-ci ildə bir oğlan uşağına təcavüz etdiyinə görə 3 il müddətində həbsxanaya salındığına dair sənədlər yayılıb. İslamoğlu bu faktı təkzib edə bilməyəcəyini dərk edərək, məsələni ülkücülərin ona nifrəti kontekstində şərh etmək məcburiyyətində qalıb. O, bununla həm də Türkiyədə terror, iğtişaş, küçə savaşları törədən axıncılardan olduğunu dolayısı ilə təsdiqləyib.
Elşad Miri tələsmir
İslamoğlunun “İslam nədir?” kitabının Azərbaycanda çap olunmasının təşəbbüskarı olan ilahiyyatçı Elşad Miri Yeniçağ.Az-a açıqlamasında bu barədə kitabın nəşrindən sonra danışmağı təklif etdi. Ona görə də, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “İslam nədir?” kitabına rəy verib-verməməsi, o cümlədən, sözügedən kitabın Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə çap olunması haqqında sualları cavablandırmağı da təxirə saldı.
Mədəniyyət və Turizm Nazirliyi isə xəbərsizdir
Mövzu ilə bağlı müraciət etdiyimiz Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin rəhbərliyinin mövqeyini öyrənmək mümkün olmadı. Bizimlə danışan və adının açıqlanmasının istəməyən həmin şöbənin əməkdaşı isə onda “İslam nədir?” kitabının Nazirliyin xətti ilə nəşr olunması haqda məlumat olmadığını bildirdi.
Dövlət Komitəsindən İslamoğluna yaşıl işıq
Bu barədə sorğu göndərdiyimiz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə Yeniçağ.Az-ın sorğusuna cavab olaraq bildirib: “Mustafa İslamoğlunun “İslam Nedir?” kitabının ölkəmizdə nəşri ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olan sorğuya cavab olaraq bildiririk ki, sözügedən kitabın ölkəyə idxalı və nəşri ilə əlaqədar Dövlət Komitəsinə fərdi şəxs tərəfindən müraciət daxil olub. Dövlət Komitəsində aparılmış dinşünaslıq ekspertizasına əsasən kitabın ölkəyə idxalına və nəşrinə etiraz edilməyib”.
Yeniçağ.Az Araşdırma Qrupu
www.yenicag.az