Müasir dünyanın siyasi SİSTEMATİKASI: Milli iradəni xarici maraqlara qarşı necə qorumalıyıq? – Rəfi Müslümov yazır
Müasir dünyanın siyasi və hərbi dinamikaları çox zaman görünən səbəblərdən daha dərindən idarə olunur. Bu mənada, İraqın işğalı və sonrakı geosiyasi dəyişikliklər yalnız silahlı güc və neft maraqları ilə izah oluna bilməz. Amerika Birləşmiş Ştatlarının 2003-cü ildə İraqa müdaxiləsi zamanı İraq ordusunun susqunluğu, habelə havadan və qurudan ciddi müqavimət göstərməməsi bütün dünyanın diqqətini çəkmişdi. “Niyə İraq ordusu yox oldu?”, “Səddam Hüseyn niyə müqavimət göstərmədi?” – bu suallar illərlə cavabsız qaldı. Ancaq bu “səssizlik” təsadüf deyildi, əksinə, planlı və sistematik bir “içdən çökdürmə”nin nəticəsi idi.
İddialara görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) 1950-ci illərdən etibarən İraqda Kəsnizani adlanan dini-tarixi təriqəti gücləndirərək, onu ordu, bürokratiya, təhlükəsizlik və hətta Səddam Hüseynin ailəsinə qədər sirayət etdirib. Təriqət üzvləri sistemli şəkildə dövlətin strateji strukturlarına yerləşdirilərək, İraqın müdafiə mexanizmini içəridən iflic ediblər. Bu struktur işğal zamanı İraqın heç bir müqavimət göstərməməsinin əsas səbəbi kimi təqdim olunur.
Kəsnizani təriqəti nümunəsi göstərir ki, xarici güclər yalnız bombalarla deyil, ideoloji və dini strukturlarla da ölkələri işğal edə bilər. CIA və MOSSAD-ın dəstəyi ilə hərəkət edən bu qruplar bir ölkənin idarəçiliyini “özəlləşdirilmiş loyallıq” sisteminə çevirərək milli suverenliyi aradan qaldırırlar.
Bunun əsas səbəblərindən biri isə Böyük Yaxın Şərq layihəsidir. Bu layihənin əsas məqsədi yalnız Yaxın Şərq ölkələrinin sərhədlərini dəyişdirmək deyil, onların dəyərlərini, mədəniyyətini və dövlət strukturlarını yenidən formatlamaqdır. İraq nümunəsi göstərir ki, fiziki işğal olmadan da bir ölkə içəridən təriqətlər, iqtisadi layihələr və ideoloji nüfuzlarla işğal edilə bilər.
Tarix bizə sübut edir ki, hər dövrün öz istilası olur. Artıq bu istilalar bombalarla deyil, təriqətlər, Qərbpərəst media, borclar, qanunlar və ideoloji manipulyasiyalarla həyata keçirilir. Yəni İraqın süqutu bir gecədə olmadı, əksinə, bu, illərlə davam edən gizli planların nəticəsi idi. İndi oxşar suallar digər ölkələr üçün də verilir.
Sual isə açıq qalır: müasir dövlətlər öz daxili toxunulmazlığını necə qoruyacaq? Milli iradə xarici maraqlara, ən əsas da Qərb maraqlarına qarşı necə müqavimət göstərəcək? Əlbəttə ki, bunun cavabı təkcə siyasətin deyil, millətlərin gələcəyini müəyyən edəcək.