Müəllimlər üçün beynəlxalq seminar keçirilib
Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) Beynəlxalq Məktəblərin Avropa Şurası (ECIS) ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində AMİM fevralın 2-dən 5-dək müəllimlər üçün Beynəlxalq Sertifikatlaşdırma (MBS) Proqramı üzrə birinci seminarı keçirib.
Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, proqram iştirakçıları yaşadığı ölkədən asılı olmayaraq şagirdlərin bilik və bacarıqlarının eyni səviyyədə inkişafı üzrə mükəmməl hazırlıq əldə edəcəklər.
MBS Proqramı dünyanın 60 ölkəsində tətbiq olunur. Burada müəllimlər mədəniyyətlərarası tədris və dillərin qavranması üzrə qısamüddətli təlimdən keçir. Növbəti mərhələlərdə isə 12-14 ay ərzində diferensiallaşdırılmış təlim, qlobal məsələlərin tədrisi, müxtəlif hazırlıq səviyyəsinə malik şagirdlərə yardım və digər sahələrdə onlara zəruri bilik və bacarıqlar aşılanır. Bundan əlavə, fərdi peşəkarlıq vərdişlərinin inkişafı və davamlı təhsil üçün strategiya və məqsədlərin düzgün müəyyənləşdirilməsi üzrə müəllimlərdə müvafiq bacarıqlar da formalaşdırılır.
Kursun yekununda hər bir müəllim təlim prosesində gördüyü işləri, tərtib etdiyi materialları, müəllim və valideynlər üçün təqdimatlarını və s. portfolio şəklində hazırlayır və onlar qiymətləndirmə üçün Böyük Britaniyanın Kembric Universitetinə göndərilir. Təlim kursunu müvəffəqiyyətlə bitirən müəllimlər beynəlxalq məktəblərdə çalışmaq imkanı qazanır.
MBS Proqramı peşəkar inkişaf baxımından Azərbaycan müəllimləri üçün əlverişli fürsətdir. Proqramda iştirak edən müəllimlər müasir nəzəriyyələrdən bəhrələnərək qabaqcıl təcrübəyə çıxış imkanı qazanmaqla təhsil sahəsində ən yeni yanaşmaları ölkəmizin məktəblərində uğurla tətbiq edə biləcəklər.
MBS Proqramı AMİM-in ölkəmizin dövlət və qeyri-dövlət məktəblərinin müəllimləri üçün yaratdığı mühüm imkanlardan birincisidir. Sinifdaxili idarəetmə, tədris və təlim nailiyyətlərinin qiymətləndirilməsi, şagird təfəkkürünün inkişafı, dərsin planlaşdırılması üzrə treninq və seminarlar, müasir texnologiyaların inteqrasiyası yolu ilə tədris-təlim prosesinin təkmilləşdirilməsi üzrə praktik məşğələlər, habelə AMİM-in digər təşəbbüsləri məktəblərimizin yeniləşmə strategiyasına verdiyi töhfə olacaq.
Azərbaycan Müəllim İnkişafı Mərkəzi 2014-cü ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilib. Mərkəzin missiyası fasiləsiz pedaqoji təhsili təmin etməklə təhsil işçilərinin peşəkar səviyyəsinin yüksəldilməsi, müasir pedaqoji-psixoloji nəzəriyyə, yanaşma və təcrübələrə əsaslanan yüksək keyfiyyətli əlavə təhsil xidmətləri göstərməkdir.