Ötən gün Milli Məclisin keçirilən plenar iclasında çıxış edən deputat Naqif Həmzəyev təklif edib ki, müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat gündə ən azı 2 dəfə pulsuz olmalıdır. Bu təklif isə cəmiyyətdə geniş müzakirələrə səbəb olub, müəllimlər və şagirdlər üçün ictimai nəqliyyatın pulsuz olması ilə bağlı ehtimala yol açıb.
Bununla bağlı sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında qeyd edib ki, irəli sürülən təklifin əlverişli olacağı gözlənilən deyil:
“Müəllimlərlə yanaşı, digər peşə sahibləri də gündəlik olaraq işə gedirlər. Onlar bu təklifi özlərinə qarşı etinasızlıq kimi dəyərləndirə bilərlər. Ona görə də təklifin təsdiq olunmaması ehtimalı daha yüksəkdir. Lakin şagirdlərə qarşı müəyyən güzəştlər tətbiq oluna bilər. Belə ki, gedişhaqqının yarı məbləğinin ödənməsi və ya gedişhaqqının gündə bir dəfə dövlət hesabına təmin olunması mümkün ola bilər. Bakı Nəqliyyat Agentliyinin (BNA) daima borca işləməsi və gəlirsiz fəaliyyət göstərməsi ilə bağlı iddialarını yada salsaq, gedişhaqqı ilə bağlı güzəşt xaosa yol aça bilər. Bu gün hər kəs öz ödənişini etdiyi halda yollarda tıxaclar yaranır, şagird və müəllimlərdə gedişhaqqının tələb edilməməsi isə vəziyyəti daha da çətinləşdirə bilər. Əslində təklif yaxşı olsa da, işləmə mexanizmi daha optimal vaiantda hazırlana bilər”.
Gülşən Şərif
www.yenicag.az