Müəllimlərin maaşına birbaşa təsir edən DƏRS YÜKÜ məsələsi: Kimlər daha çox saat alacaq?
Müəllimlərin iş yükünün formalaşdırılması və növbəti illərdə dərs saatlarının artırılması məsələsi təhsil camiəsində ən çox müzakirə olunan mövzulardandır. Xüsusilə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ilə işə düzələn və az saatla fəaliyyətə başlayan müəllimlərin gələcək perspektivləri böyük maraq doğurur.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi mövcud normativ hüquqi aktlar və məktəblərin daxili qaydaları əsasında həyata keçirilir.
Ekspertin sözlərinə görə, MİQ vasitəsilə məsələn, 10 saatlıq vakansiyaya qəbul olunan müəllimin növbəti illərdə dərs saatlarının artırılması bir neçə amildən birbaşa asılıdır:
“İlk növbədə məktəbdə əlavə dərs saatlarının yaranması vacibdir. Bu isə ya sinif sayının artması, ya da hər hansı müəllimin işdən ayrılması (təqaüd, yerdəyişmə və s.) ilə mümkün olur. Eyni zamanda, müəllimin fərdi peşəkar göstəriciləri də burada həlledici rol oynayır”.
Ş.Qoca qeyd edib ki, dərs saatlarının bölüşdürülməsi zamanı bərabərlik prinsipi hər kəsə eyni saatın verilməsi kimi başa düşülməməlidir:
“Burada əsas məsələ ədalətli bölgüdür. Sertifikasiya nəticələri bu prosesdə ən mühüm meyardır. Yüksək nəticə göstərən müəllimlərin dərs yükünün tam stavkaya (18 saat) çatdırılmasına üstünlük verilir. Bundan əlavə, diaqnostik qiymətləndirmə balları, müəllimin stajı və şagirdlərin akademik nailiyyətləri də mütləq nəzərə alınır”.
Ekspert vurğulayıb ki, məktəbdə əlavə dərs saatları yarandıqda, bu saatlar ilk növbədə həmin təhsil müəssisəsində çalışan və dərs yükü normadan az olan müəllimlər arasında bölüşdürülür:
“Bu proses məktəbin Pedaqoji Şurasının qərarı və Həmkarlar İttifaqının rəyi əsasında həyata keçirilir. Məqsəd şəffaflığı və ədaləti təmin etməkdir. Mövcud müəllimlərin dərs yükü normaya çatdırılmadan yeni vakansiyanın MİQ müsabiqəsinə çıxarılması isə qanunvericiliklə məhdudlaşdırılır”.
Ekspertin fikrincə, müəllimin dərs yükünün artırılması yalnız şəxsi göstəricilərdən deyil, həm də məktəbin daxili imkanlarından və mövcud ehtiyaclarından birbaşa asılıdır.













