Müharibələrin ortasında qurulan sabitlik: İlham Əliyevin nəyi nə vaxt etmə strategiyasının sirri

media-hightechnic-468x90

 

media-banner_tkm

Bu gün xəritəyə baxanda çox açıq bir reallıqla qarşılaşırıq. Azərbaycanın şimalında Rusiya ilə Ukrayna müharibə aparır.

Cənubunda İran, İsrail və ABŞ arasında ölüm-qalım savaşı gedir. Dünyanın bir çox nöqtəsinə raketlər atılır, ən etibarlı şəhərlərin sakinləri belə bəzən təhlükə hissi ilə yaşayır. Amma bu mürəkkəb mənzərənin ortasında Azərbaycan prezidenti İlham Əliyev Şamaxıda bir liseyin lentini kəsir, oradan gəlib “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edir.

Bəlkə də başqa vaxt bu xəbərlər adi görünərdi. Amma cəmi bir neçə yüz kilometr uzaqlığımızda raketlər havalanarkən, Azərbaycanın gündəminin məktəb, enerji mərkəzi və aqrar kompleks açılışı olması sadə xəbər deyil. Bu, bir ölkədə sabitliyin, idarəçiliyin və gələcəyə inamın göstəricisidir.

Bu xəbərlər artıq sadəcə informasiya deyil, gözlə görünən faktdır. Məşhur mahnının sözlərini improvizə etsək, “qonşularımıza bombalar yağardı hər gecə, bizim insanımız işə, uşaqları məktəbə gedərdi dayanmadan”… Bəzən biz gündəlik xırda problemlərlə məşğul olur, kanalizasiya tutuldu, su basdı, yol qazıldı deyə narazılıq edirik. Bu xəbərlər qulağımızın dibində baş verən hadisələr fonunda “DYP Şuşada məni cərimələdi” xəbəri qədər gözəl səslənir. Çünki bir az kənara baxanda görürük ki, bizdən cəmi bir neçə yüz kilometr aralıda insanlar gecəni sığınacaqda keçirir. Bu müqayisə sabitliyin nə qədər böyük nemət olduğunu göstərir.

Bu sabitliyin ən böyük simvollarından biri Qarabağdır. Bir vaxtlar daşları dağıdılmış, evləri yandırılmış, ruhsuz və ölü torpağa çevrilmiş Qarabağ bu gün yenidən dirçəlir. İndi həmin ərazilər dünyanın diqqət mərkəzinə çevrilib. Xarici nümayəndə heyətləri gəlir, beynəlxalq şirkətlər layihələrə maraq göstərir, yeni yollar, hava limanları, yaşayış məntəqələri tikilir. Bir vaxtlar səssizliyə qərq olmuş torpaqlarda bu gün uşaq səsi eşidilir, işıq yanır, həyat qayıdır.

Bu proses təsadüfi deyil. Bu, uzaqgörən və ardıcıl siyasətin nəticəsidir. Bu bir dahi strateqin – İlham Əliyevin əsəridir.

Son illər Azərbaycan təkcə öz ərazisini bərpa edən ölkə deyil, həm də Qafqazın lider dövlətinə çevrilib. Müharibədən çıxıb barış gündəminə keçmək hər dövlətin bacardığı iş deyil. Ermənistanla illərlə davam edən qarşıdurmadan sonra regionda sülh danışıqlarının başlaması, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması istiqamətində addımlar atılması məhz “mən nəyi nə zaman edəcəyimi yaxşı bilirəm” deyən İlham Əliyevin siyasətinin nəticəsidir.

Bu gün Azərbaycanın qonşularla münasibətlərində əsas prinsip gərginliyi azaltmaq, problemləri dialoq yolu ilə həll etmək və regionu qarşıdurma meydanına çevirməməkdir. Sıfır problemə yaxın münasibətlər qurmaq, balanslı siyasət aparmaq və böyük güclər arasında tarazlığı qorumaq asan məsələ deyil. Amma məhz bu siyasət nəticəsində Azərbaycanın şimalında və cənubunda müharibələr olsa da, özü müharibənin içində deyil.

Digər tərəfdən, Azərbaycan təkcə öz təhlükəsizliyini düşünən ölkə kimi davranmır. Müxtəlif bölgələrdə əziyyət çəkən xalqlara humanitar yardım göstərilməsi artıq ölkənin xarici siyasətinin ayrılmaz hissəsinə çevrilib. Təbii fəlakətlər, müharibələr və böhranlar zamanı göndərilən yardımlar bir çox ölkədə hörmət və etimad yaradıb. İlham Əliyevin bu prinsipial siyasəti Azərbaycanın yalnız güclü deyil, həm də vicdanlı və məsuliyyətli dövlət olduğunu dünyaya nümayiş etdirir.

Bütün bu uğurların arxasında isə bir əsas amil dayanır – nəyi nə zaman edəcəyini dəqiq hesablayan İlham Əliyev strategiyası.

Son illərdə həyata keçirilən layihələr, qurulan infrastruktur, bərpa olunan şəhərlər və güclənən iqtisadiyyat bu strategiyanın nəticəsidir. Bu strategiya ölkəni müharibədən inkişaf mərhələsinə, dağıntıdan quruculuğa, riskdən sabitliyə gətirib çıxarıb. Azərbaycanın bu gün Qafqazın lider ölkəsinə çevrilməsi təsadüf deyil, planlı və məqsədyönlü siyasətin nəticəsidir.

Kiçik əraziyə malik olsa da, Azərbaycan bu gün dünya masasında sözü olan dövlətə çevrilib. Böyük güclər regionla bağlı qərarlar verərkən Azərbaycanın mövqeyini nəzərə alır. Bu, dövlətin nüfuzunun, diplomatiyasının və rəhbərliyinin göstəricisidir.

Bəlkə də bu günün ən emosional və sadə həqiqəti budur:
ətrafımızda raketlər uçuşur, amma bizim şəhərlərdə həyat var.
ətrafımızda dağıntı var, amma bizim torpaqlarda quruculuq işləri sürətlə gedir.
ətrafımızda müharibə qorxusu var, amma bizim ölkədə sabitlik hökm sürür.

Və bu sabitlik təsadüf deyil.
Bu sabitlik İlham Əliyev siyasətinin, idarəçiliyinin, liderliyinin nəticəsidir.

Ona hücumların məhz səbəbi də budur. Azərbaycanın Qafqazın incisinə çevrilməsini, ölkədəki sabitliyi, qonşularla olan balanslı siyasəti həzm edə bilmədiklərindən hücum edirlər. Planları baş tutmadıqca, daha da azğınlaşırlar. Aparılan islahatlarda bir nöqsan tapmadıqda, qurşaqdan aşağı hücum kimi əxlaqsızlığa əl atırlar. Əl atdıqca da, batırlar. Çünki qarşılarında nəinki nəyi nə zaman və necə edə biləcəyini dəqiq hesablayan, hətta qarşı tərəfin belə addımlarını öncədən çözən bir lider var…

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05