"Müharibənin növbəti fazası daha dağıdıcı olacaq" – Politoloqdan İran-ABŞ gərginliyi ilə bağlı ANALİZ
“Müharibənin növbəti fazası daha dağıdıcı olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu bildirib.
Politoloq İran və ABŞ arasında atəşkəs əldə edilməyəcəyi təqdirdə, hərbi əməliyyatların daha amansız mərhələyə keçəcəyini diqqətə çatdırıb:
“Müharibədə hər iki tərəfin mövqeləri və hazırkı şəraitdə hərbi əməliyyatların davam etdirilməsi perspektivləri hər iki tərəf üçün “ikitərəfli iti bıçaq” kimidir. Məsələyə ABŞ cəbhəsindən baxsaq, müharibənin davam etdirilməsi üçün ciddi hərbi və maliyyə resursları tələb olunur. Hörmüz boğazının bağlı qalması həm ABŞ, həm də dünya iqtisadiyyatı üçün nəhəng maliyyə itkiləri deməkdir. Müharibə davam edərsə, daha dağıdıcı fazaya keçəcək. Bu zaman İran da sərt əks-həmlələr edə bilər. Rəsmi Tehran körfəz ölkələrindəki kritik infrastrukturları hədəfə ala bilər ki, bu da qlobal sistemdə neft və enerji qiymətlərinin kəskin artması daxil olmaqla bir sıra ciddi problemlər yaradacaq. Digər tərəfdən, Amerikanın quru qoşunlarından istifadə edərək bu müharibəni uğurla yekunlaşdırması demək olar ki, imkansızdır. Coğrafi şərait quru qoşunlarının uğur qazanmasını çətinləşdirir. Bütün bu parametrlər müharibənin davam etməsinin Vaşinqton baxımından nə qədər çətin olduğunu göstərir.”
Müsahibimiz müharibənin qarşı tərəfi olan İran üçün də vəziyyətin eyni dərəcədə riskli olduğunu qeyd edib:
“İran hərbi-texnoloji baxımdan ABŞ və İsraillə müqayisə edilə bilməz. Müharibə davam edərsə, İrana daha dağıdıcı zərbələr vurulacaq. Tehran onilliklər ərzində bu zərbələrin yaradacağı fəsadları aradan qaldıra bilməyəcək. Ona görə də atəşkəs hər iki tərəf üçün ən optimal çıxış yoludur və bu prosesi mümkün qədər qalıcı sülhə çevirmək lazımdır.”
T. Nüsrətoğlu bütün bunlara baxmayaraq, tərəflərin hələ də razılığa gələ bilməməsinin səbəblərini belə izah edib:
“Atəşkəsi hər iki tərəf istəsə də, mövqelərdə ciddi fikir ayrılıqları qalmaqdadır. Xüsusilə uranın zənginləşdirilməsi məsələsində tərəflər uzlaşa bilmir. Hörmüz boğazı ilə bağlı müəyyən razılığa gəlmək ehtimalı yüksəkdir, lakin uranı Trampın tələb etdiyi kimi ABŞ-a və ya üçüncü ölkəyə təslim edəcəksə, SEPAH bunu xalqa izah etməkdə çətinlik çəkəcək. Hər bir halda, razılaşma əldə edilərsə, İran nəfəs alma dönəminə girəcək, sanksiyaların ləğvi fonunda ABŞ-ın hücum təhlükəsi aradan qalxacaq.”
Politoloq sonda sülhün bərqərar olmasında Türkiyə və Pakistanın rolunu xüsusi qeyd edib:
“Sülh məsələsində Pakistan və Türkiyə kritik rol oynayır. Onlar müharibənin dayandırılmasına və İranın ərəb ölkələri ilə qarşıdurmadan yayınmasına çalışırlar. Bu mənada, Pakistanın Baş Qərargah rəisinin SEPAH rəhbərliyi ilə görüşərək xüsusi canfəşanlıq göstərməsi ümidverici addımdır. Güman edirəm ki, başqa alternativ olmadığı və digər seçimlər daha dağıdıcı nəticələr vəd etdiyi üçün, sülh hər iki tərəf üçün son və qaçılmaz seçim olacaq.”
Nurlan Cəfəri













