Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyevin Milli.Az-a müsahibəsi
“Multikulturalizm ili”nin tarixi və sosial kökləri
– Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Sizcə, dövlət başçısının bu addımı atmasının səbəbi nədir?
– Əvvəla, onu qeyd edim ki, qədim və zəngin tarixə malik olan ölkəmiz mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkanda yerləşməklə yanaşı, dinlərarası və sivilizasiyalararası münasibətlərin formalaşmasında özünün nümunəvi modeli ilə tanınır. Azərbaycanda dini və etnik zəmində heç bir qarşıdurma olmadığı tarixi faktdır və ənənə bu gün də dövlət siyasətimizin tərkib hissəsi kimi uğurla davam etdirilir. Eyni zamanda, biz xalq olaraq insanpərvərliyə xas normaları əzəldən yaşayışımıza, fəaliyyətimizə tətbiq etmişik, humanizmi özümüzə daimi istinadgah seçmişik. Ölkəmizin coğrafi mövqeyi dini, etnik zənginliyə səbəb olub ki, bunun da nəticəsində müxtəlif adətlərin, inancların mehribancasına qaynayıb-qarışdığı multikultural mühit yaratmağı bacarmışıq. Tarixin bütün dövrlərində ölkəmizdə bu gün multikulturalizm adlandırdığımız sosial münasibətin mövcudluğu və davamlılığını şərtləndirən, çağdaş dövrümüzdə belə, dünyanın bir sıra ölkələrinə hava, su qədər gərəkli olan çoxsaylı amillər olub. Bu amillərdən dinc birgəyaşayış ənənəsini, tolerantlıq, qarşılıqlı hörmət və ehtirama söykənən köklü münasibətləri örnək göstərə bilərik. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Qeyd etməliyik ki, dövlət başçısının Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. Ümumiyyətlə, hesab edirəm ki, prezident İlham Əliyevin “Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib” fikri multikulturalizmin mahiyyət etibarilə Azərbaycanda, eləcə də multikulturalizmi gələcəkdə bəşəriyyətin inkişafının yeganə yolu hesab etməsi, bu anlayışın beynəlxalq əhəmiyyətini anlamaq baxımından bütün mətləblərə aydınlıq gətirir.
– Ölkəmizdə dini və milli tolerantlıqla bağlı mövcud vəziyyəti necə qiymətləndirmək olar?
– Qeyd etdiyim kimi, Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin birlikdə sülh və qardaşlıq mühitində yaşadığı bir dövlət olub. Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, bu gün burada məscidlərlə bərabər, kilsələr də, sinaqoqlar da fəaliyyət göstərir. Eyni zamanda, ölkə ərazisində mövcud olan islam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi mühafizə edilir. Bakı şəhərində tikilmiş sinaqoq Avropada ən möhtəşəmlərdən sayılır. Rus pravoslav kilsəsi, katolik kilsəsi əzəmətinə və gözəlliyinə görə xristian ölkələrindəki kilsələrdən heç də geri qalmır. Azsaylı xalqların öz kimliyini qoruyub saxlaması üçün yüksək səviyyədə münbit şərait yaradılıb. Bütün bunlar multikulturalizmə dövlət tərəfindən verilən dəyərin göstəricisidir.
Azərbaycan və Qərb tolerantlığının fərqi
– Azərbaycanda bu sahədə olan vəziyyət digər dünya ölkələrindən, xüsusilə Avropadan nə ilə fərqlənir?
– Azərbaycanda minilliklər boyu dinc yanaşı yaşamış fərqli dil, din və mədəniyyət daşıyıcıları varlıqlarını günümüzədək qoruyub, hazırda isə cəmiyyətdə bu yöndə mövcud olan pozitiv münasibətə çox mühüm çalar – dövlət siyasəti əlavə olunub ki, bu da respublikamızda multikultural mühitin uğurlu perspektivlərini təmin edir. Lakin Qərb dünyasında təqdim olunan “multikulturalizm” isə həmin ölkələrə sığınmış qaçqın və ümumilikdə gəlmələrə olan hörmət və ehtiramdan deyil, sadəcə “dözümlü” münasibətdən ibarətdir desək, zənnimcə, yanılmarıq. Bəzi Qərb alimlərinin və siyasət adamlarının “multikulturalizm iflasa uğrayıb” kimi fikirlər səsləndirməsi buna əyani sübutdur. Təbii ki, həm regional, həm də qlobal miqyasda müxtəlif cəlbedici adlarla öz mədəniyyətlərinin dominantlığını təmin etməyi hədəfləyən, başqa mədəniyyət daşıyıcılarına assimilyasiya obyekti kimi baxan, cismani, yaxud mənəvi yöndə əritmək, yox etmək fəaliyyətlərini tarixən və çağdaş dövrümüzdə dövlət siyasətlərində ənənə halına çevirmiş eqoist təfəkkürlü qüvvələrin imitasiyalarını multikulturalizmi alternativsiz həyat tərzinə çevirmiş Azərbaycanla müqayisə etmək özlüyündə qüsurlu görünür.
– Biz bu məsələdə dünyaya daha hansı töhfələr verə, nümunələrlə örnək ola bilərik?
– Azərbaycan dövlət siyasətində tolerantlığın gerçək mahiyyətini göstərməklə hər bir ölkəyə örnək ola biləcək addım atıb. Ölkəmizin daxili və xarici siyasətində birgəyaşayış ənənəsi, multikulturalizm həmişə aparıcı rol oynayıb. Hazırda dünyada baş verən milli, dini, irqi zəmində münaqişələr dünya ölkələrində tolerant və multikulturalizm mühitinin yaranmasını zəruri edir. Məncə, bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi dünyaya bir çağırışdır. Multikulturalizm və dözümlülük ənənələrini gündəlik yaşam tərzinə çevirən xalqımız üçün bu adi görünsə də, kənardan çox fərqli mənzərə canlanır. Çünki qeyd etdiyimiz kimi, multikulturalizm və tolerantlıq bu münasibətlərin mövcudluğunu iddia edən bir sıra ölkələrdə mahiyyətindən uzaq səciyyə daşıyır.
Nazirlər Kabinetində “Multikulturalizm ili” ilə bağlı Tədbirlər Planı hazırlanır
– “Multikulturalizm ili” ilə əlaqədar DQİDK tərəfindən hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
– Ümumiyyətlə, prezident İlham Əliyevin bu məsələ ilə bağlı imzaladığı sərəncama əsasən, Nazirlər Kabineti tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Milli Elmlər Akademiyasının təklifləri nəzərə alınaraq Tədbirlər Planı hazırlanır.
Dövlət Komitəsi tərəfindən təqdim edilən tədbirlər isə əsasən iki istiqamətdədir – ölkədaxili və beynəlxalq aləmə yönəlmiş tədbirlər. Bu Tədbirlər Planında il ərzində regionlarda “Azərbaycan xalqının tolerant və multikultural dəyərləri – tarixlik, varislik və müasirlik” adlı konfransların keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, dini tədris müəssisələrini, dini icmaları, dini konfessiyaları və ibadət evlərini əhatə edən tədbirlər keçirməyi planlaşdırırıq. Əslində, multikulturalizm və multikulturalizmin tərkib hissəsi olan tolerantlıqla bağlı bizim tərəfimizdən yerlərdə silsilə tədbirlər hər zaman keçirilib. Sadəcə olaraq, bu tədbirlər 2016-cı ildə özünün kulminasiya nöqtəsinə çatacaq. Biz ötən illərdə beynəlxalq tədbirlərimizi, tutaq ki, bizə yaxın ölkələrdə, eyni zamanda Azərbaycanın tolerantlıq, multikulturalizm modelinin təbliğ olunmasının zəruri olduğu ölkələrdə keçirirdiksə, bu il bu tədbirlər daha geniş coğrafiyanı əhatə edəcək.
www.yenicag.az