Münhendə yaşayan azərbaycanlılar Respublika gününü qeyd ediblər

Mayın 28-də Almaniyanın Münhen şəhərində yaşayan azərbaycanlılar 28 May Respublika gününə həsr olunmuş toplantı keçirib. Azərbaycanlı fəallar Səttar Kərimov və Fuad Rzayevin təşkilatçılığı ilə keçirilən görüşdə Münhendə yaşayan soydaşlarımız iştirak edib.

Tədbirdə çıxış edənlər 28 May Respublika Gününün Azərbaycan tarixində xüsusi yeri olduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşüb. Çıxış edənlər 28 May Respublika gününün bütün dünya azərbaycanlıları üçün xüsusi əhəmiyyətə malik bir tarix olduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa etməsi xalqımızın bu tarixi irsə sahib çıxdığını bütün dünyaya nümayiş etdirib. Toplantıda müasir Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər, müstəqillik dövründə qazanılmış uğurlar barədə də məlumat verilib.

Tədbir çərçivəsində Münhen şəhərində yaşayan azərbaycanlıların təşkilatlanması ideyası barədə də geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Münhenin Avropanın və dünyanın siyasi mərkəzlərindən biri olması burada Azərbaycan həqiqətlərinin təbliği sahəsində fəaliyyətin gücləndirilməsini zərurətə çevirir. Çıxış edənlər Münhen şəhərində yaşayan soydaşlarımızın vahid təşkilatda birləşməsinin vacib olduğunu vurğulayıblar. Təklif olunub ki, bu ideyanı həyata keçirmək məqsədilə Münhen Azərbaycanlılarının Mədəniyyət Mərkəzi təsis edilməsi məqsədilə təşəbbüs qrupu formalaşdırılsın. Toplantıda yaradılacaq təşkilatın gələcək fəaliyyət istiqamətləri ilə bağlı təkliflər müzakirə olunub.
Yenicag.az

COP29