Müsəlmanların müqəddəs kitabını yandıran Nikita Juravel Quranı öyrəndiyini bildirib.
Yenicag.az xəbər verir ki, bu gün, noyabrın 2-də Volqoqradda Quranı yandırmaqda ittiham olunan Nikita Juravelin növbəti məhkəmə iclası keçirilib. Juravel bildirib ki, o, müsəlmanların müqəddəs kitabını yandırarkən onların hisslərini nə qədər incitdiyini anlamaq üçün Quranı öyrənir.
Məhkəmə iclasında o, müsəlmanlardan bir daha üzr istəyib: “Mənim əməlim dəhşətlidir və heç bir əsası yoxdur.
Həbsdə olduğum müddətdə dindarların hisslərini nə qədər incitdiyimi başa düşmək üçün mən Quranı oxudum, öyrəndim… ”, – Juravel bildirib.
Təqsirləndirilən şəxs heç bir əsası olmayan dəhşətli əməl törətdiyini də etiraf edib və bir daha üzr istəyib.
Xatırladaq ki, Juravel mayın 22-də həbs edilib. Daha sonra gənc bütün dünya müsəlmanlarının qarşısında etdiyi hərəkətdən utandığını bildirib.
Dindirmə zamanı Ukraynanın tapşırığı ilə Quranı yandırdığını etiraf edib. Aydın olub ki, Juravelə bu aksiyanı həyata keçirmək üçün 10 min rubl ödəniləcəyi vəd edilib.
Daha sonra o, şikayət edib ki, Ramzan Kadırov və oğlu onun göndərildiyi Çeçenistandakı istintaq təcridxanasında ona baş çəkiblər. Adam Kadırovu 19 yaşlı məhbusu döyüb.
Bir neçə gün əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Nikita Juravellə görüşüb və onu “əclaf şeytan” adlandırıb.
Xuraman Etibarlı
www.yenicag.az