İŞİD Azərbaycanda yenidən belə dirçəlir – DTX əməliyyatının üzə çıxardığı ACI GERÇƏK 

media-hightechnic-468x90

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) son əməliyyatı bir həqiqəti açıq şəkildə ortaya qoydu: İŞİD təhlükəsi aradan qalxmayıb, sadəcə səssizləşib və indi yenidən baş qaldırır. Bakının mərkəzində, xarici ölkə səfirliyinə qarşı planlaşdırılan terror aktının qarşısının alınması artıq təsadüfi radikallaşmış gənclərin yox, ideoloji cəhətdən hazırlanmış və beynəlxalq terror şəbəkəsi ilə əlaqəli bir hüceyrənin mövcudluğunu göstərir.

DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları – 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranmışdır.

Saxlanılan şəxslərin İŞİD-in “Vilayəti-Xorasan” qolu ilə əlaqədə olması göstərir ki, bu təşkilat hərbi baxımdan məğlub edilsə də, ideoloji və təşkilati baxımdan hələ də yaşayır. Daha təhlükəlisi isə odur ki, bu ideologiya artıq əsasən gəncləri hədəf alır. 2000 və 2005-ci il təvəllüdlü şəxslərin terror planının icra mərhələsinə qədər gəlib çıxması onu göstərir ki, illərdir aparılan gizli radikallaşdırma prosesi artıq real təhlükəyə çevrilib.

Bu proses bir gündə başlamayıb. Azərbaycanda müəyyən dini çevrələrdə radikal, təkfirçi və xəvaric düşüncənin yayılması ilə bağlı siqnallar on ildən çoxdur ki, dolaşır. Xüsusilə “Ləzgi” məscidi ətrafında illərdir səslənən iddialar, 2014-cü ildən bəri rəsmi səviyyədə müzakirə olunan xəbərdarlıqlar, əslində, bugünkü təhlükənin ideoloji bünövrəsinin çoxdan qoyulduğunu göstərirdi. Lakin bu xətt nə tam dağıdıldı, nə də ideoloji baxımdan zərərsizləşdirildi.

Ən narahatedici məqamlardan biri isə radikal ideologiyanın illər boyu bəzən “maarifçilik”, bəzən “dini xidmət”, bəzən də “ziyarət təşkilatçılığı” adı altında yayılmasıdır. Əldə olan məlumatlara görə, Əlixan Musayev və onun xalası oğlu Mübariz Qarayev uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə hər il təxminən 50 nəfərlik həcc kvotası alaraq zəvvar qrupları formalaşdırıblar və bu qruplara, əsasən, Mübariz Qarayev rəhbərlik edib. Maraqlıdır ki, açıq mənbələrdə Mübariz Qarayev barəsində vaxtilə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı və hətta həbsi ilə bağlı məlumatların yer aldığı da göstərilir.

Daha da düşündürücü olan odur ki, məhz bu qruplarla həcc ziyarətinə gedən bəzi zəvvarlar sonradan ciddi şikayətlər səsləndiriblər. Onların sözlərinə görə, həmin qruplarda radikal düşüncəli şəxslər olub, bu şəxslər Azərbaycan dövlətini və hətta Səudiyyə Ərəbistanı dövlətini açıq şəkildə “kafir” adlandırıb, bəzən isə dini baxımdan yolverilməz, təxribatçı ifadələr işlədiblər. Əgər bu iddialar doğrudursa, söhbət artıq tək-tək şəxslərin davranışından yox, həcc kimi həssas və nüfuzlu bir dini mərasimin ideoloji təsir alətinə çevrilməsi cəhdindən gedir.

Bu cür iddialar zəvvarların təhlükəsizliyi, dini mühitin sağlamlığı və ümumilikdə həcc təşkilatçılığında nəzarət mexanizmlərinin nə dərəcədə şəffaf və effektiv olması ilə bağlı ciddi ictimai suallar doğurur. Cəmiyyət haqlı olaraq soruşur: əgər bu xətt üzrə illərdir müxtəlif siqnallar mövcud idisə, niyə vaxtında bu prosesin qarşısı köklü şəkildə alınmadı?

Bu ideoloji yayım təkcə ziyarət qrupları ilə məhdudlaşmayıb. Dini kitab mağazaları, qeyri-rəsmi dərnəklər və qapalı söhbət çevrələri uzun müddət radikal düşüncənin ötürülmə kanalı rolunu oynayıb. İndiyə qədər aparılan əməliyyatlarda isə, əsasən, icraçı fiqurların məsuliyyətə cəlb olunması, şəbəkənin əsas beyin mərkəzlərinin kölgədə qalması problemi daha da dərinləşdirir.

DTX-nin qarşısını aldığı son terror planı göstərir ki, artıq söhbət potensial riskdən yox, real icra mərhələsinə keçmiş təhlükədən gedir. Saxlanılan şəxslər, böyük ehtimalla, bu zəncirin yalnız görünən həlqəsidir. Onları bu nöqtəyə gətirən ideoloji mərkəzlər, maliyyə kanalları və qoruyucu mexanizmlər isə hələ də tam şəkildə üzə çıxarılmayıb.
Əlixan Musayev, Mübariz Qarayev, Veysəl Orucov və digər radikal dini şəxslərin illərlə cəzasız qalmaları, rahat şəkildə zərərli ideologiya yayıcılığı etmələri bu tip ideologiyaların ayaq tutub yeriməsinin başlıca səbəbidir. Yəni hansısa radikal gənclərin həbs olunması hansısa təxribatın önününü kəsir, ancaq problemin kökü-baza yerində qaldıqca, sabahımız bu kimi təxribatlardan sığortalanmayıb. Ölkə daxilində və xaricində mədrəsələr açıb, azyaşlıları orta məktəbdən uzaqlaşdıranlar, ölkənin genefondunu dəyişmək üçün azərbaycanlı gənclərin ərəb qadınlarla evlənməsini təşviq edənlərin kökü kəsilməsə, hələ çox 20-25 yaşlı gənclərimizi terrora qurban verəcəyik.

Ən təhlükəli məqam ondan ibarətdir ki, bir tərəfdən dövlət radikal şəbəkələrə qarşı əməliyyatlar aparır, digər tərəfdən isə bu ideoloji xəttin bəzi daşıyıcıları illərlə rəsmi imkanlardan istifadə edərək və ya nəzarətdən yayınaraq fəaliyyət göstərə biliblər. Bu isə problemin təkcə hüquq-mühafizə yox, həm də institusional nəzarət məsələsi olduğunu göstərir.

Son əməliyyat, əslində, buz dağının yalnız görünən hissəsidir. Əgər bu şəbəkələrin ideoloji, təşkilati və maliyyə dayaqları kökündən sökülməsə, bu gün qarşısı alınan terror planlarının sabah daha təhlükəli formada geri qayıtmayacağına heç kim zəmanət verə bilməz. İŞİD ideologiyası məhv olmayıb, sadəcə formasını dəyişib və indi daha hiyləgər üsullarla cəmiyyətin içinə sızmağa çalışır.

Bu gün əsas sual artıq “kim saxlanıldı?” yox, “bu zehniyyət illərlə necə böyüdü, kimlər tərəfindən qorundu və hansı boşluqlardan istifadə etdi?” sualıdır. Çünki təhlükə hələ də qalır və ona yalnız kökündən yanaşma ilə son qoymaq olar.

İsmayıl Yusifoğlu

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa