"İxvan" ideologiyası necə işləyir? - Təkfirçi ritorikadan silahlı radikalizmə keçidin AYAQ SƏSLƏRİ

media-hightechnic-468x90

Son onilliklərdə Yaxın Şərqdə, Şimali Afrikada və bir sıra müsəlman ölkələrində baş verən proseslər göstərdi ki, siyasi İslam sadəcə dini baxış deyil. Bu, dini ideologiyanı siyasi məqsədlər üçün istifadə edən, dövlətləri zəiflətməyə və cəmiyyətləri daxildən parçalamağa yönəlmiş sistemli bir xəttdir. Bu xəttin əsas ideoloji mərkəzlərindən biri isə “İxvanil Muslimin” hesab olunur.

“İxvan” illər boyu özünü “mülayim”, “islahatçı” hərəkat kimi təqdim etsə də, fəaliyyət göstərdiyi ölkələrdə nəticələr fərqli olub. Bu ideologiyanın yayıldığı yerlərdə əvvəlcə dini ritorika gücləndirilib, daha sonra dövlət quruluşu “islama uyğun deyil” kimi təqdim edilib. Nəticədə cəmiyyətlərdə parçalanma, qarşıdurma və siyasi xaos yaranıb.

İdeoloji mərhələlilik və gənclərin hədəf alınması

“İxvan” xətti açıq zorakılıqla başlamır. Əvvəl insanlara mənəviyyat, ədalət və haqq anlayışları üzərindən təsir göstərilir. Sonra mövcud dövlət sistemi tədricən “ədalətsiz”, “kafir nizam” kimi qələmə verilir. Bu mərhələdə əsas hədəf gənclər olur. Çünki gənclər emosional, sual verən və dəyişiklik axtaran təbəqədir.

Bu mərhələli təsir nəticəsində gənclərin düşüncəsində dövlətə, qanuna və milli dəyərlərə qarşı etimadsızlıq formalaşır. Bu isə siyasi İslamın əsas məqsədlərindən biridir.

“İxvan”, təkfirçilik və cihadçı xəttin birləşməsi

Təcrübə göstərir ki, “İxvan” ideologiyası çox zaman daha sərt radikal axınlarla – təkfirçi və cihadçı qruplarla paralel inkişaf edir. Bir tərəf ideoloji zəmin yaradır, digər tərəf isə bunu zorakı üsullarla həyata keçirir. Nəticədə din siyasi və hərbi alətə çevrilir.

Bu mühitdə dövlət “kafir”, cəmiyyət “azmış”, qanunlara tabe olmaq isə “imansızlıq” kimi təqdim olunur. Bu yanaşma müxtəlif ölkələrdə ağır nəticələrə səbəb olub və eyni modelin fərqli ölkələrə ixrac edildiyi müşahidə olunur.

Azərbaycan üçün yaranan ideoloji risk

Bu qlobal proseslərin Azərbaycandan yan keçdiyini düşünmək doğru olmaz. Son illər ölkəmizdə də bəzi dini çıxışlarda dövlətə qarşı sərt münasibət, cəmiyyətin “doğru yolda olmaması” kimi fikirlər səsləndirilir. Bu, artıq tək fərdi dini baxış yox, ideoloji təsirin əlaməti kimi qiymətləndirilir.

Məhz bu kontekstdə bəzi fiqurların fəaliyyəti xüsusi diqqət çəkir və onların çıxışları daha geniş ideoloji xəttin tərkib hissəsi kimi dəyərləndirilir.

Əlixan Musayev bu ideoloji mənzərədə

Bu xətt üzrə adı hallanan əsas şəxslərdən biri Əlixan Musayevdir. Ona aid üç səs yazısının təhlili göstərir ki, bu çıxışlarda din adı altında zorakılıq əsaslandırılır, xüsusilə də Suriya cihadı legitim mübarizə kimi təqdim olunur.

Bu səs yazılarında verilən fətvalar vasitəsilə minlərlə azərbaycanlının İŞİD kimi terror təşkilatlarına simpatiya duymasına zəmin yaradıldığı iddia edilir. Bu isə məsələni sadəcə dini mübahisə yox, birbaşa milli təhlükəsizlik problemi səviyyəsinə qaldırır.
Araşdırmalara görə, Əlixan Musayev Suriya cihadı ilə bağlı verdiyi fətvalardan sonra təxminən on il Türkiyədə yaşayıb. Bu dövr onun ideoloji formalaşmasında da xüsusi rol oynayıb.

Bu müddətdə onun “Ərəb baharı” proseslərində iştirak etmiş, öz ölkələrində radikal fəaliyyətlərinə görə təqib olunmuş şəxslərlə əlaqələr qurduğu bildirilir. Bu əlaqələr içərisində “İxvan” xətti ilə bağlı fiqurların xüsusi çəkisi olduğu qeyd olunur.

Mahmud Hüseyn xətti və Qəzza bağlantısı

Əlixan Musayevin Türkiyədə olduğu dövrdə əlaqə qurduğu iddia edilən şəxslərdən biri Mahmud Hüseyndir. “İxvan” platformalarının yaydığı məlumatlara görə, onun atası Şeyx Hüseyn əl-Misri Qəzza zolağında “İxvan” hərəkatının qurucularından biri olub. Özü isə Mursinin devrilməsindən sonra haqqında qiyabi edam hökmü çıxarıldığı üçün Türkiyəyə qaçıb. Hazırda Bursada mədrəsə açaraq orada dini təbliğatla məşğul olur.

Mahmud Hüseynin Qəzzada ilk Şura Məclisinin üzvlərindən olması, Rəfah bölgəsini təmsil etməsi və “Əl-Məcmə əl-İslami”nin təsisçi heyətində yer alması bu ideoloji xəttin nə qədər köklü olduğunu göstərir.

Hakim Muteyri və İstanbul mühiti

Araşdırmada adı çəkilən digər fiqur Hakim Muteyridir. Küveytdə qadağan olunmuş Ümmət Partiyasının sədri olan Muteyri dövlət çevrilişi çağırışları və radikal fəaliyyətlərlə tanınıb. O, Küveyt Cinayət Məhkəməsinin qərarı ilə ömürlük həbsə məhkum edilib, 2024-cü ildə isə vətəndaşlıqdan məhrum olunub.

Hazırda İstanbulun Fatih rayonunda fəaliyyət göstərdiyi bildirilən Hakim Muteyrinin bu mühitdə gənclərin ideoloji cəlb etdiyi qeyd olunur. Məhz bu mühitdə Əlixan Musayevlə təmasların yarandığı və birgə ideoloji fəaliyyətlərin müzakirə edildiyi iddia edilir.

Abdullah Yolçu və Suriya cihadının ideoloji tərəfi

Əlixan Musayevin uzun müddət birgə fəaliyyət göstərdiyi şəxslərdən biri də Suriya cihadının açıq tərəfdarı olan Abdullah Yolçudur. Onların birgə nəşr etdirdiyi “Mücahidin Azüqəsi” adlı kitabça Suriya və İraqda pulsuz paylanıb.

Kitabçada yer alan, zərurət yarandıqda kimyəvi silahdan istifadənin mümkünlüyü ilə bağlı fikirlər ideoloji radikallaşmanın hansı həddə çatdığını açıq göstərir.

Təkfirçi ritorika və daxili parçalanma riski

Əlixan Musayevin çıxışlarında səslənən “namaz qılmayan kafirdir”, “kilsəyə girən müsəlman kafirdir” kimi fikirlər klassik təkfirçi və xəvaric yanaşmanın açıq nümunəsidir. Azərbaycan cəmiyyətinin “fitrət əhli” adı altında peyğəmbərsiz və vəhysiz toplum kimi təqdim edilməsi isə milli və dini kimliyə qarşı yönəlmiş ideoloji hücumdur.

Bu cür fikirlər tarix boyu müxtəlif ölkələrdə cəmiyyətləri daxildən parçalamış və qarşıdurma yaratmışdır.

Ortaya çıxan mənzərə göstərir ki, Əlixan Musayev tək bir şəxs deyil, qlobal miqyasda fəaliyyət göstərən siyasi İslam və radikal şəbəkələrin yerli daşıyıcılarından biri kimi çıxış edir. Bu şəbəkələrin əsas məqsədi din adı altında gəncləri dövlətə, qanuna və milli düşüncəyə qarşı mövqeyə sürükləməkdir. Məqsəd dövlət rəhbərinə qarşı nifrət aşılanmış bir dindar kütlə formalaşdırmaqdır. O kütlələrdən necə istifadə olunması üçün ərəb baharı inqilablarını xatırlamaq kifayətdir.

Bu prosesə vaxtında reaksiya verilməzsə, dini mühitin parçalanması, gənclərin radikallaşması və ölkədaxili sabitliyin pozulması real təhlükəyə çevrilə bilər. Buna görə də ayıqlıq, maarifləndirmə və qanun çərçivəsində qəti addımlar bu gün artıq zərurətdir.

İsmayıl Yusifoğlu

Yenicag.az

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05