Novella Cəfəroğlu: “Siyahımızda olan vicdan məhbuslarından 14 nəfəri bu əfv fərmanla azadlığa çıxıb”
Elman Fəttah: “Qardaşlardan birini buraxıb, digərini saxlamaları bizi məyus edən haldır”
Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Burada bir sıra tanınmışların da adları var.
Əfv siyahısında Rəşadət Axundov, Rəsul Cəfərov, Məmməd Əzizov, Rəşad Həsənov, Sirac Kərimli, Anar Məmmədli, Ömər Məmmədov, Akif Muradverdiyev, Nemət Pənahlı, Yadigar Sadıqov, Tofiq Yaqublu və Pərviz Həşimlinin adları yer alıb. Bu gün səhər tanınmış jurnalist Rauf Mirqədirovun da cəzası dəyişdirilib və məhkəmənin qərarı ilə şərti cəza alan jurnalist azadlığa çıxıb.
Amma yenə də bəzi digər tanınmış siyasi xadim və yurnalistlərin adları siyahıda yoxdur. “Azadlıq” radiosunun Azərbaycan bürosunun baş redaktoru Xədicə İsmayılova, REAL hərəkatının rəhbəri İlqar Məmmədov, hüquqşünas İntiqam Əliyev və bir sıra digərləri hələ də həbsdə saxlanıldı.
Bu əfv fərmanı ilə bağlı Yenicag.az-a açıqlama verən Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu verilən əfv fərmanını alqışlamaqla yanaşı, digər siyasi məhbusların da yaxın dövrlərdə azad olacağına əmin olduğunu söylədi: “Siyahımızda olan vicdan məhbuslarından 14 nəfəri bu əfv fərmanı ilə azadlığa çıxıb. Əminik ki, siyahıda olan digər vicdan məhbusları da yaxın zamanlarda ayrı bir əfv fərmanı ilə azadlığa qovuşacaqlar. Bu fərmandan çox şad olmuşuq, buna görə dövlət başçısına təşəkkür edirik. Atılan bu addımdan çox razıyıq. Ümid edirik ki, adları siyahıda olan qalan insanlar da bu yaxınlarda azad olacaqlar. Gözləyin, bu gün, sabah hamısı azadlıqda olacaqlar”.
Müsavat Partiyası başqanının müavini Elman Fəttah verilən fərmandan sevindiklərini deməklə yanaşı, onun tam dolğun olmamasından təəssüfləndiklərini də bildirdi: “Hələlik əfv fərmanı barədə tam məlumata malik deyiləm. Bir onu bilirəm ki, deyəsən əfvə düşənlər var. Çalışırıq ki, onları qarşılayaq. Azad olunanları təbrik edirəm. Həbs olunanda Fərəc və Sirac Kərimovları ikisini də bir həbs edib, indi əfvə buraxanda qardaşlardan birini buraxıb, digərini saxlamaları bizi məyus edən haldır. Bütövlükdə Tofiq Yaqublu, Yadıgar Sadıxov, Anar Məmmədli və digər siyasi məhbusların çıxmasına sevinirik”.
ELÇİN
www.yenicag.az