“NATO Rusiya prezidenti Vladimir Putinin sülhdə maraqlı olmadığını düşünür”.
Yenicag.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Brüsseldə Alyansın nazirlər toplantısından əvvəl verdiyi açıqlamada bildirib.
NATO rəsmisi Kremlin hesablamalarının səhv olduğunu qeyd edib.
Rutte bildirib ki, Putinin atəşkəsə hazırlaşdığına dair heç bir əlamət yoxdur:
“Rusiyanın aqressiyasının yumşalması ilə bağlı heç bir işarə görmürük. Əksinə, Putin ritorikasını sərtləşdirir və Ukraynanı eksperimental raketlərin sınaq meydanına çevirir. Hətta Şimali Koreya əsgərlərini də bu qeyri-qanuni müharibəyə cəlb edib”.
Baş katib əlavə edib ki, Putin Ukraynanın müqavimətini qıra biləcəyinə inanır, lakin yanılır. Rutte vurğulayıb ki, Ukraynanı dəstəkləmək NATO üçün prioritetdir:
“Biz Ukraynanın özünü müdafiə edə bilməsi üçün sarsılmaz dəstəyimizi davam etdirməliyik”.
Xatırladaq ki. Brüsseldə keçirilən görüşün əsas mövzusu Ukraynanın alyansa üzvlüyü deyil, ona göstəriləcək yardımlardır. Ukrayna-NATO Şurası da çərşənbə axşamı Brüsseldə toplanacaq.
Qeyd edək ki, Ukrayna, Brüssel görüşündən əvvəl NATO üzvlüyünü əvəz edən təminatlardan imtina etdiyini bəyan edib. Bu inkişaflar NATO-nun Rusiyanın mövcud strategiyasına qarşı daha da sərt mövqe sərgiləyəcəyini göstərir.
Rafi Müslümov
www.yenicag.az