“Naxçıvanın muxtar statusu ləğv edilməklə, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalisinin muxtar vilayət, muxtar respublika kimi səsləndirdikləri fikirlərə də son qoymaq olar.”
Bunu Naxçıvan iqtisadi rayonunun yaranma ehtimalı, qurumların ləğvi və bələdiyyə idarəetməsinin tətbiqini dəyərləndirən sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.
Nazim Bəydəmirli bildirib ki, Naxçıvan Ali Məclisi bələdiyyə institutuna çevrilməlidir:
“Azərbaycanda regionların idarəetmə sistemi müasir standartlara gətirilməlidir ki, bir daha belə xoşagəlməz hallar yaşanmasın. Faktiki olaraq, Naxçıvanda ikili hakimiyyətlilik idi. İdarəetmədə anormallıq vardı. İcra Hakimiyyətinin rəhbəri həm də qanunverici hakimiyyətin rəhbəri qismində idi. Ölkə başçısının verdiyi sərəncamlar ona işarədir ki, regionlar üzrə Prezidentin səlahiyyətli nümayəndələri institutlarının formalaşdırılması davam edəcək. Bununla bərabər rayon icra hakimiyyəti strukturları ləğv edilməlidir. Naxçıvanda qanunverici hakimiyyət dediyimiz yerli hakimiyyət Naxçıvan Ali Məclisi bələdiyyə institutuna çevrilməlidir. Yerli idarəetmə orqanı olmalıdır.
Azərbaycan cəmiyyətinə təlqin edirlər ki, guya muxtar status hansısa beynəlxalq müqavilə ilə nəzərdə tutulub. Bunlar heç biri həqiqəti əks etdirmir. Bu fikirlər bilgisizlikdən qaynaqlanır.
Hesab edirəm ki, Naxçıvanın muxtar statusu ləğv edilməklə, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalisinin muxtar vilayət, muxtar respublika kimi səsləndirdikləri fikirlərə də son qoymaq olar. Azərbaycan unitar dövlətdir. Unitar dövlətin tərkibində təəssüflər ki, muxtar dövlət anlayışı var.
Naxçıvanda yaradılmış nazirliklər və digər qurumlar özündə ikili hakimiyyəti təcəssüm etdirirdi. Bu idarəetmə xərclərini artırmaqla Dövlət büdcəsinə 100 milyonlarla vəsaitlərin ayrılmasına gətirib çıxarırdı. Dövlət büdcəsindən ora edilən transferlər əslində müəyyən istiqamətlərə xərclənirdi. Ona görə də Naxçıvanda vəziyyəti düzəltmək üçün bu addım atılıb.
Naxçıvan iqtisadi rayonu yaradılmalıdır. İdarəetmə ikili hakimiyyətdən çıxmalıdır”.
Səxavət Məmməd
www.yenicag.az