Naxçıvanda iqtisadi aktivliyi yüksəldəcək MÜHÜM ADDIM - ŞƏRH
“Naxçıvanda rezidentlərin vergilərdən azad edilməsi regionda iqtisadi aktivliyin yüksəlməsinə kömək olacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova 2026-cı ilin büdcə zərfinin layihəsinə əsasən Naxçıvan Muxtar Respublikasındakı rezidentlərin 10 il müddətinə əksər vergilərdən azad edilməsini şərh edərkən deyib
.
Qeyd edək ki, bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, Naxçıvandakı rezidentlərin 2026-cı il yanvarın 1-dən 10 müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, həmin ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin isə vergidən azad edilməsi nəzərdə tutulur.
Ekspert bildirib ki, bölgənin iqtisadi aktivliyinin artırılması üçün azad iqtisadi zona və ya xüsusi iqtisadi zona, gömrük rüsumu güzəştləri, istehsalın müəyyən vergilərdən azad olması müzakirə obyekti ola bilər:
“Məlumdur ki, işsizlik başda olmaqla Muxtar respublikanın vətəndaşları müxtəlif ölkələrə, ən yaxşı halda paytaxt Bakıda məskunlaşıb. Bu da təbii ki, ərazinin iqtisadi aktivliyinə təsir göstərən faktorlar arasındadır. Onun üçün də bir növ iqtisadi restovrasiya üçün vergi ləğvi mühüm addımdır”.
Nurlan Cəfəri












