Qazax dilinin latın əlifbasına keçidi prosesini uzatmaq üçün heç bir səbəb yoxdur.
Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada keçirilən V Ümumdünya qazaxlar qurultayında bildirib.
“Latın əlifbasına keçid – qlobal elm və təhsilə inteqrasiya, ruhi birliyimizin təminatıdır. Sabiq postsovet məkanında, biz kiril əlifbasından, Qərbdəki qardaşlarımız latın əlifbasından istifadə edirlər. Belə çıxır ki, danışıqda eyni dil, yazıda isə fərqli əlifbadan istifadə edirik. Biz bir-birimizi başa düşmürük. Hazırda müasir elm, texnika və interneti öyrənməyə çalışırıq. Bunların hamısı latın əlifbasına əsaslanır. Latın əlifbasına keçid bizim birliyimizi möhkəmləndirəcək və bizi ruhən yaxınlaşdıracaq”, – Nazarbayev bildirib.
“Fərmanda son tarix kimi 2025-ci ili göstərmişəm, amma məncə, bu prosesi uzatmaq üçün heç bir səbəb yoxdur. Alimlərimiz əlifbanı Türkiyə, qonşularımız, artıq latın qrafikasına keçmiş Azərbaycan, Özbəkistan təcrübəsi əsasında hazırlaya bilər. Onların çatışmazlıqlarını nəzərə alaraq, öz əlifbamızı yaratmalıyıq. Bu, çətin olmayacaq. Çünki 1-ci sinifdən bütün uşaqlara ingilis dili tədris olunur, bizə çətin olmamalıdır”, – Qazaxıstan prezidenti deyib.
Xatırladaq ki, Qazaxıstanda latın əlifbasına keçid prosesinin 2025-ci ilədək başa çatdırılması planlaşdırılır.
Qeyd edək, ki V Ümumdünya qazaxlar qurultayında dünyanın 39 ölkəsindən 800-dən çox nümayəndə, 350 nəfər qonaq qismində iştirak edir. Onların arasında yaradıcı, elmi və pedaqoji ziyalılar, biznes, KİV, dövlət və ictimai təşkilatların nümayəndələri var.
www.yenicag.az