Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən Yenicag.az-a bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 3 ünvanında yerləşən “Aventus” kişi geyimləri mağazasında keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Obyektdə müəyyən edilmiş mənfi hallar aşağıdakılardır:
– obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
– avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb;
– elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların və normativ sənədlərin tələblərinə uyğun olaraq quraşdırılmayıb, yanğın təhlükəsi törədən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;
– obyektin daxilinə çəkilmiş elektrik xətlərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;
– anbar otağına məxsus ərazi yanğın təhlükəsizliyi tələblərinə uyğun şəkildə saxlanılmayıb;
-obyekt yanğın baş verən zaman insanların köçürülməsinə (təxliyəsinə) kömək edən qurğularla təmin olunmayıb;
– yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə (təlimat) yanğına qarşı rejim müəyyənləşdirilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 3 ünvanında yerləşən “Aventus” kişi geyimləri mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
www.yenicag.az