Nə Putin geri çəkilir, nə də Zelenski güzəştə GEDİR – “Hərbi-texniki” tədbirlərdən total müharibəyə GEDƏN YOL
“Rusiya-Ukrayna müharibəsi bu il də davam edəcək, ola bilsin, gələn il də davam etdi”.
Bu fikri Rusiya Ukrayna arasında baş verən proseslər, danışıqlar və gözlənilən nəticəni Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
O, bildirib ki, hazırkı danışıqların heç bir perspektivi yoxdur:
“Müharibənin başlamasının əsas səbəbi Qərbin Putini və Rusiyanı tanımaması, saya salmamasıdır. Rusiya dedi ki, Soyuq müharibəni uduzdum, Şərqi Avropa ölkələrini verdim sizə, ancaq sabiq sovet respublikalarına girməyin. Qərb sonra Baltikyanı ölkələri özünə qoşdu, Rusiya bununla da razılaşdı. 2002-ci ildə oğul Corc Buş dedi ki, Moldova, Ukrayna, Gürcüstan NATO üzvü olacaq, amma Avropa bununla razı olmadı, çünki onlar da bilirdi ki, bu Rusiyanı qıcıqlandıracaq. Ancaq oğul Buş dedi ki, biz onları qəbul edəcəyik. Lakin sözü gedən respublikaların rəhbərləri açıq şəkildə bildirdi ki, biz NATO üzvü olacağıq. Buna görə Rusiya Gürcüstan cəzalandırdı, Moldovaya qoşun yeridib, hələ də çıxarmır, Ukraynanı isə ciddi şəkildə təhdid etdi”.
Onun sözlərinə görə, Ukraynada hakimiyyət uğrunda mübarizə aparan bəzi qüvvələr Rusiya ilə yaxınlaşma yolu seçsələr də, bəziləri isə konkret NATO xətti tutmalı olduqlarını dedilər:
“Ona görə də 2014-cü ildə Ukrayna prezidenti Viktor Yankoviçi hərbi çevrilişlə devirdilər. Putin Qərbə ultimatum verdi ki, əgər siz Ukraynanı NATO-ya cəlb etmək istəsəniz, 1997-ci ilin sərhədlərinə qayıtmasanız, biz hərbi-texniki tədbirlər görəcəyik. Hərbi-texniki tədbir isə müharibə deməkdir. Müasir hüquqa görə müharibə elan etmək hərbi cinayətə bərabərdir”.
“Ukraynanın hazırkı hakimiyyəti əvvəl Rusiya ilə dil tapacağını bəyan etsə də, sonradan fərqli yola baş vurdu. Hazırda bütün maraqlar daban-dabana ziddir. Ona görə də danışıqlar heç bir nəticə verməyəcək. Rusiya tələb edir ki, işğal etdikləri əraziləri Ukrayna başda olmaqla dünya Rusiya ərazisi kimi tanısın, ancaq Zelenski bunu edə bilməz. Bunu etsə, bu Vətənə xəyanət hesab olunacaq. Putin də atdığı addımdan geri dönmür. Ona görə də bu danışıqların sonu görünmür. Müharibə bu il də davam edəcək, ola bilsin, gələn il də davam etdi. O zamana qədər bu müharibə davam edəcək ki, tərəflərdən biri tam gücdən düşsün və geri çəkilsin”.
Səxavət Məmməd