!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neçənci ildə şeir yazmışam, mən də Şuşaya getməliyəm” deməklə olmur axı...” – Azər Həsrət

!Reklam – Yazi

“Doğrudur, Qarabağa səfərə aparılanlar arasında bəzən uyğunsuz adamlar da ola bilər”.

Bu fikirləri Şuşaya və işğaldan azad edilmiş digər ərazilərimizə təşkil olunan səfərlərdə iştirakla bağlı səslənən iradlara münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağ torpaqları minalardan tam təmizləndikdən sonra o yollar hamı üçün açıq olacaq:

“Ümumiyyətlə, bu cür müzakirələr təəssüf doğurur. Niyə? Birincisi, o səfərlərə etiraz edən, “Mənim də haqqım var, mən də getməliydim”, – deyən adamların böyük əksəriyyəti heç müharibə günlərində hərbi komissarlıqların qapılarını döymədilər. Onlar öz yaxınlarını döyüşmək üçün göndərməyə bu qədər canfəşanlıq etmədilər. Əlbəttə, söhbət hamıdan getmir. Aralarında elələri var ki, həqiqətən, övladları gedib vuruşub, şəhid və ya qazi olub.

Lakin narazılıq edənlərin əksəriyyəti o şəxslərdir ki, hətta Şuşanı, Qarabağı bir kənara qoyaq, Azərbaycanın bu otuz ildə apardığı informasiya savaşına zərrə qədər faydası olmayıb. Onların arasında belə adamlar var və çıxıb Qarabağa səfərə gedənlərə qarğış, söyüş yağdırırlar. Belə olmaz.

Məsələn, Şuşaya gedənlərin biri də mənəm. Biz ora turist kimi, yeyib-içməyə, keflənməyə getmirik ki… Başa düşürük, insanların hamısı istəyir ki, oranı görsün və bu istəklərində haqlıdırlar. Amma sən getmədiyin səfərə başqası gedib deyə ona qarğış tökməlisən? Yaxud da hansısa siyahıda adın yoxdursa, o siyahını tutanları lənətləməlisən? Bu, anormallıqdır, xəstə yanaşmadır. Belə olmamalıdır.

Üstəlik, Qarabağ torpaqları minalardan tam təmizləndikdən sonra o yollar hamı üçün açıq olacaq. İndiki halda isə bizim kimi insanların o səfərlərə daxil edilməsi sırf informasiya savaşına qatqı məqsədi daşıyır. Yəni Azər Həsrət Şuşaya gedirsə, onun oraya getməsini istəyən insanlar başa düşür ki, beynəlxalq platformalardakı imkanlarım sayəsində geniş çevrəyə informasiya yaya bilərəm. Yəni məqsəd budur. Yoxsa mənim də şəxsən elə həvəsim yoxdur ki, həftə səkkiz, mən doqquz o ərazilərə gedim.

Ona görə də mən çox istərdim ki, insanlarımız bu məsələdə təmkinli olsunlar, prosesə xələl gətirməsinlər, ümumi mübarizəmizə kölgə salmasınlar. Bu baxımdan, kimlərisə gözdənsalma kampaniyaları dayandırılmalıdır. Biri deyir, mən şairəm, niyə getməməliyəm? Azərbaycanda on min şair var, Vaqif Poeziya Günlərinə də onlardan bir qrupu getdi. On min şairin hamısını aparmadılar ki o tədbirə… Doğrudur, Qarabağa səfərə aparılanlar arasında bəzən uyğunsuz adamlar da ola bilər. O cümlədən, haqqı olan, lakin yaddan çıxan şəxslər də var.

O narazıların da hansını dindirirsən deyir ki, mən belə dağıdaram, neyləyərəm… Harada nə eləmisiz e, göstərin. Xahiş edirəm, “Məni Şuşaya aparmadılar, haqsızlıq etdilər”, – deyən kəslər bu otuz ildə informasiya savaşında etdiklərini ortaya qoysunlar, Qarabağ üçün nə etdiklərini göstərsinlər. Ancaq o danışanların böyük əksəriyyəti bu cür faktlar təqdim edə bilmirlər. Neçənci ildə şeir yazmışam, mən də Şuşaya getməliyəm”, – deməklə olmur axı… Prosesi gözdən salmayaq”.

A.Zeynalov

www.yenicag.az

968
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv