“Neftçi” Avropa Liqasında

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 28-ci turuna start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə 3 oyun keçirilib.

“Neftçi” səfərdə “Kəpəz”in qonağı olub. Tərlan Əhmədovun komandası Gəncədə qələbə qazansa, mövsümü bürünc medalla başa vuracaqdı. Üç qolun qeydə alındığı qarşılaşmada gözlənildiyi kimi, paytaxt təmsilçisi sevinən tərəf olub və mövsümü üçüncü pillədə bitirib. Bununla bakılılar həm də Avropa Liqasına vəsiqə qazanıblar.

Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edib. “Neftçi”nin “Kəpəz”i məğlub etmək şansının yüksək olduğunu nəzərə alsaq, dördüncü yerin sahibi böyük ölçüdə məhz bu oyunda müəyyənləşəcəkdi. “Zirə”ni heç-heçə də qane edirdi. Lakin dördüncü yeri tutmaq və Avroliqa şansını saxlamaq üçün Samir Abasovun komandası mütləq meydanı 3 xalla tərk etməliydi. Bu qarşılaşmada da qonaqlar qələbə qazanıblar. Nəticədə, “Zirə” mövsümü 4-cü pillədə başa vurub.

“Səbail” və “Keşlə” klubları arasında matçda da qonaqlar qələbəni bayram ediblər.

Tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
28-ci tur
20 may

“Səbail” – “Keşlə” 0:1
Qol: Rafael Məhərrəmli, 63.
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
Bakı. “Bayıl Arena”.

“Kəpəz” – “Neftçi” 1:2
Qollar: Şəhriyar Rəhimov, 67 – Ruslan Abışov, 63. Lukas Qomes, 79.
Qırmızı vərəqə: K.Petrov, 88.
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev
Gəncə şəhər stadionu

“Sumqayıt” – “Zirə” 1:2
Qollar: Cavid İmamverdiyev, 13 – Aleksandr Dedov, 68. Sadio Tounkara, 90+4.
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov.
“Sumqayıt Arena”.