“Neftçi” köməkçi məşqçiləri Aleksandr Deriberin və İqor Getmanla yollarını ayırıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Bildirilir ki, aprelin 27-də baş tutan Müşahidə Şurasının iclasında adıçəkilən mütəxəssislərlə yeni müqavilənin imzalanmaması qərara alınıb. Buna səbəb kimi isə Premyer Liqanın XXVII turunda “Zirə” ilə qarşılaşmada legioner limitinin pozulmasına görə alınan texniki məğlubiyyət göstərilib.
Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə keçirilən iclasda komandanın çempionatda və ölkə kubokundakı çıxışı ilə bağlı icraçı direktor Orxan Hüseynzadə və baş məşqçi Elxan Abdullayevin də hesabatları dinlənilib.
Məşqçilər heyəti qarşısında gələn mövsüm nəticələrin yaxşılaşdırılması, eləcə də hazırlıq çərçivəsində yay təlim-məşq toplanışı planları barədə məlumat vermək tələbi qoyulub.
Yeniçağ.az
www.yenicag.az