Gələn ilin birinci yarısında qlobal neft ehtiyatlarının gündəlik 200 min barel azalacağı, ikinci yarısında isə gündəlik 700 min barel artacağı proqnozlaşdırılıb.
Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, bununla bağlı ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) 2023-cü ilin sonuna qədər qlobal neft ehtiyatlarının artacağına dair gözləntilərin yer aldığı hesabatda məlumat verilib.
Belə ki, EIA-nın “Dekabr 2022 Qısamüddətli Enerji Görünüşü Hesabatında” gələn il üçün Brent markalı neftin orta barel qiymətinin 92,36 dollar olacağı proqnozlaşdırılır. Hesabatda həmçinin gələn il üçün Qərbi Texas tipli (WTI) xam neftin bir barelinin qiymətinin 86,36 dollar olacağı proqnozlaşdırılıb. Bu il Brent markalı neftin barel qiymətinin 101,48 dollar, WTI tipli xam neftin barel qiymətinin isə 95,22 dollar olacağı gözlənilir.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) illik hasilatının isə bu il gündəlik 34 milyon 110 min barelə, gələn il isə gündəlik 34 milyon 520 min barelə çatacağı bildirilib. Qlobal neft tələbinin isə bu il gündəlik 270 min barel artaraq 99 milyon 820 min barelə çatacağı gözlənilir. Gələn il bu rəqəmin 100 milyon 820 min barel olacağı proqnozlaşdırılır.
Gülşən
www.yenicag.az